"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu Baş nazir Nikol Paşinyan bildirib. O, qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi layihəsi üzərində işçi qruplar səviyyəsində əməkdaşliğı fasiləsiz olaraq davam etdirir: "Hazırda ABŞ-la "Tramp yolu" layihəsinin həyata keçirilməsi üzrə kifayət qədər intensiv iş aparılır. Əlbəttə, layihə bizim və region üçün yenidir, onun çoxlu nüansları var və əminəm ki, bu məsələləri mümkün qədər tez müzakirə edəcəyik, həll yollarını tapacağıq və bu proqramı həyata keçirəcəyik".
Paşinyan əlavə edib ki, bura Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəninin təmin edilməsi də daxildir. Onun sözlərinə görə, Ermənistanın bu məsələ ilə bağlı ABŞ-la yanaşı, qarşılıqlı şəkildə razılaşdırılmış üçüncü tərəflərlə də işləyəcək: "Bu məqsədə mümkün qədər tez nail olmaq üçün xoş niyyətlə bütün tədbirləri görmək əzmimiz olduğunu təsdiq edirik. Çünki Ermənistan və Azərbaycan arasında sülh artıq təsbit olunmuş faktdır. Biz həm də bu vəziyyətlə barışmalıyıq ki, sülh Ermənistan üçün adamların hələ uzun müddət inanmaq istəmədiyi, tanış olmayan bir anlayışdır. Ona görə ki, Ermənistan Respublikası dövlət müstəqilliyinin ilk günündən etibarən münaqişə şəraitində olub. Hətta müstəqillikdən əvvəlki qısa dövrdə belə, əslində, münaqişə mühitində yaşamışıq. Sülh şəraitində yaşamaq, sülhün dəyərlərini dərk etmək və ona uyğun düşüncə tərzi formalaşdırmaq asan məsələ deyil. Bu məsələni həll etmək üçün çox diqqətli olmalıyıq. Bu, sülhə qayğı göstərmək zərurətinin mühüm tərkib hissəsidir. Bərqərar olan sülhə qayğı göstərməliyik ki, o güclənsin, möhkəmlənsin və daha institusional xarakter alsın".
Paşinyan əlavə edib ki, Ermənistan ictimaiyyətində sülhə inamın artırılması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, bunun üçün Azərbaycan hökuməti ilə bütün istiqamətlər üzrə danışıqlar davam etdirilir: "Azərbaycanla danışıqlar diplomatik kanallar vasitəsilə aparılır, müxtəlif səviyyələrdə təmaslar baş verir. Ermənistan parlamentinin sədri yaxınlarda Azərbaycan Milli Məclisinin spikeri ilə görüşüb, bundan əvvəl isə baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupların görüşü keçirilib. Əslində bu işlər demək olar ki, hər gün aparılır. Əvvəllər bizim Azərbaycanla münasibətlərimiz gündəlik işimizin ayrılmaz hissəsi idi, indi isə fərq ondadır ki, Azərbaycanla sülh bizim gündəlik işimizin ayrılmaz hissəsinə çevrilib”.
Elxan SALAHOV