Roman ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirlərinə qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrü əks etdirir. Kitab ilk dəfə rus dilində Rusiyanın Sankt-Peterburq şəhərində “Kapaбax: долгожданное возврашение” аdı ilə çap olunub. Əsərin tərcüməçisi Dürdanə İbrahimova-Hüseynbəyli, redaktoru Sərif Ağayardır.
Kitabın təqdimat mərasimində tanınmış yazıçılar İlham Əziz, Şərif Ağayar, Elçin Hüseynbəyli, Səfər Alışarlı və başqaları çıxış edərək əsərin məziyyətlərindən danışıblar.
Qeyd edilib ki, əsərdəki hadisələr yaşlı babasından başqa bütün yaxınlarını Xocalıda itirən Aslan Bunyadovun həyatı fonunda əks olunur. Aslanın uşaqlığı, təhsili, xüsusi təyinatlı zabit kimi 44 günlük Zəfər müharibəsində iştirakı, eyni zamanda, onun sevgi həyatı əsərin əsas mövzusunu təşkil edir. Roman qələbə ilə nəticələnən Vətən müharibəsi haqqında yazılmış irihəcmli əsərdir.
Bildirilib ki, 59 il bundan əvvəl Goranboyda dünyaya göz açan A.Quliyev Rusiyada yaşasa da, hər zaman qəlbi Vətən sevgisi ilə döyünür. Məhz bu sevginin nəticəsidir ki, o, bu gün belə gözəl əsərlə oxucuların görüşünə gəlib.
Diqqətə çatdırılıb ki, “Xüsusi təyinatlı” Adil Quliyevin Bakıda çap olunan sayca üçüncü kitabıdır. Onun bundan əvvəl “Neft, bulaq və keçə çəkmələr” və “Qırmızı ayaqqabılar” adlı hekayə və povestlərdən ibarət kitabları işıq üzü görüb.
Natiqlər “Xüsusi təyinatlı” romanı əsasında yeni ekran əsərinin çəkiləcəyinə inamlarını ifadə ediblər.
Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif ona bu əsəri yazdıran qazandığımız tarixi qələbə olduğunu söyləyib.
“Qanun” Nəşrlər Evində işıq üzü görən roman müəllifin imzası ilə qonaqlara hədiyyə olunub. (AZƏRTAC)