24.04.2025, 14:18
AZ EN
21.05.2024, 17:20 223

Laçın sakini: Bu sevinci bizə Ali Baş Komandanımız yaşatdı...

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş doğma torpaqlarımıza qayıdış sürətlə davam edir. Öz ata-baba yurdlarına 30 ildən artıq müddətdən sonra yenidən qovuşan insanlar ömürlərinin ən gözəl anlarını yaşayırlar. Əsrarəngiz, dağlar qoynunda yerləşən Laçına qayıdanlar da çox xoşbəxtdirlər. Belə insanlardan biri də Laçın sakini Hürü İmranovadır.

Nələr görmədik, Allah o günləri bir də bizə yaşatmasın...

Hürü İmranova Baku televiziyasına bildirir ki, biz Laçında kənddə olurduq, sonra şəhərə köçmüşdük. İkimərtəbəli binada beşotaqlı evimiz vardı. Dolanışığımız çox yaxşıydı. Yoldaşım əməliyyat edilmişdi. Gecə saat 4 idi, qonşu xəbər verdi ki, evdə niyə oturmusunuz,  yoldaşını da xəstəxanadan çıxarın, təcili buranı tərk eləmək lazımdı. Sonra rəhmətlik qardaşımı çağırdıq gəldi, yoldaşımı xəstəxnadan çıxardı. Səhər saat 6-da Laçının ortasına bomba düşdü. Avtobusa uşaqları, qocaları, xəstələri yığmşdılar ki, Laçından çıxarsınlar. Avtobusun düz üstünə mərmi düşdü və alışıb yandı. Həmin vaxt tibb bacısını erməni yaraqlıları əsir götürdülər. Nələr görmədik, Allah o günləri bir də bizə yaşatmasın...

O beş otaqdan 7 uşaq, qaynanamla ancaq əynimizdəki paltarla çıxdıq. Getdik Kürün qırağına, 20 gün orada qaldıq. Onda oğlum hərbi xidmətdəydi, xəbər gəldi ki, ayağı yara olub. Xəbərdən qorxduq, axı müharibənin pis vaxtıydı, dedik yəqin nəsə olub. Amma gedib gördük həqiqətən çəkməsi ayağını döyüb yara eləmişdi. Atası uşağı Sumqayıta apardı ki, ona əyin-baş alsın, kişi elə öz maşınında yolda infakt keçirdi.

Elə Laçın sözünü görəndə hamımızı ağlamaq tutdu...

Hürü xala yenidən oğul-uşağı və bir də nəvələri ilə Laçına öz evinə geri dönüb. Deyir, elə Laçın sözünü görəndə hamımızı ağlamaq tutdu, gəlib bulaqda üzümüzə su vurduq...    

Deyir bura qayıdandan özümü yaxşı hiss eləyirəm, Elə o Həkəri çayından keçib gələndə insanın havası dəyişir...

Kəmalə İmranova deyir ki, mən bu evin gəliniyəm, arzum budu uşaqlarımızın burada xeyir işlərini, xoş güzəranını görək. Bu sevinci bizə Ali Baş Komandanımız yaşatdı. Ömrü boyu ona minnətdarıq.

Sonra bildirir ki, Laçından didərgin düşəndə ata-anamla gəlmişdim, indi onlarsız qayıtmışam bura. Kövrəlir, yenə də ruhları şad olar ki, biz yenidən bu torpaqlara qayıtmışıq, deyir.

Laçın sakinləri doğma Laçında özlərini qəlbən rahat, xoşbəxt hiss edirlər. Hamısı, “Allah Prezidentimizə cansağlığı versin”, deyirlər.  

Mina RƏŞİD

Oxşar xəbərlər