12.07.2025, 07:12
AZ EN
04.12.2024, 15:37 291

Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir

XƏBƏRLƏR
  • Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir.

Bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında çıxışı zamanı söyləyib.

H.Səfixanlı qeyd edib ki, minaların yaratdığı təhlükə yalnız müharibə dövrü ilə məhdudlaşmır: “Münaqişə sonrası dövrün əsas çağırışlarından biri minalardan təmizlənmə prosesini sürətləndirmək və bunun üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi strateji ərazilərdə əkinçilik, turizm və digər iqtisadi fəaliyyətlər minalar səbəbindən böyük risk altındadır”.

İctimai birliyin sədri xüsusilə diqqətə çatdırıb ki, minaların təhlükəsi yalnız fiziki deyil, həm də psixoloji təsir göstərir: “Münaqişədən əziyyət çəkən ərazilərdə yaşayan əhali arasında mina qurbanlarının ailələrinin psixoloji dəstəyə ehtiyacı var. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” bu istiqamətdə də fəaliyyət göstərir. Mina qurbanlarının reabilitasiyası üçün həm dövlət, həm də qeyri-dövlət sektorunun birgə çalışması vacibdir. Minalardan azad bir dünya yaratmaq yalnız bir ölkənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Azərbaycan bu prosesdə lider rolunu oynamağa davam edəcək”.

O deyib ki, Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur.

İctimai birliyin sədri bildirib ki, ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: “2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir”.

Hazırladı: Günel QULİYEVA

Oxşar xəbərlər