21.11.2024, 20:32
AZ EN
21.05.2024, 11:54 313

Övladı itkin düşən ata: “Özümü daşla necə vurdumsa, gözümün birini orda itirdim”

XƏBƏRLƏR
  • Quliyevlər ailəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb.  Şəkinin Çələbixan qəsəbəsində məskunlaşıblar.

Ailə başçısı, Qara Quliyev:

-Martın 30-u xəbər gəldi ki, ağır döyüşlər gözlənilir, uşaqları Kəlbəcərdə saxlamayın. Ertəsi gün səhər açılar-açılmaz 6 övladımı yaxın qohumlarla birlikdə yeganə yol olan tunellə Gəncəyə yola saldıq tunelin ermənilərin nəzarətində olmasından xəbərsiz. Axşam gəldim Murova gördüm, mən göndərdiyim maşından bir xəbər yoxdu. Ondan-bundan sorşanda, dedilər ki, ermənilər o maşını vurub.  özümü daşla necə vurdumsa, gözümün birin orda itirdim.

Üç övladını itirən Adilə Quliyeva:

-O, yolları mən gəlmişəm. Dağın uğultusu, itlərin ulaşması, qoyun-quzunun mələşməsi bu dəqiqə gözümün qabağına gələndə gözlərim qaralır. On iki gün yol gəldik. Öləni meşəyə atırdılar, qız-gəlinlər özlərini çaya atırdılar.

Qara kişinin 2 qızı, 4 oğlunun olduğu maşın alışıb yanır. Ölümün pəncəsindən sağ çıxmağı bacaran bacı-qardaş qarşıda onları ölüm qədər acı günlərin gözlədiyini az-çox təxmin edir. Evin böyüyü olan Nəsibə Quliyeva əzablı keçən ayları tək yaddaşında yox, vücudunda da daşıyır. Bədənində hələ də gəzdirdiyi 27 qəlpə ona ermənilərin yaşadığı ağrı-acını unutdurmur. O, deyir:

-Maşın alışıb yanırdı. Biz hamımız huşumuzu itirmişdik, hamımız ağır yaralanmışdıq. Orda təkcə mənə 6 güllə dəymişdi, bir də qləpə yaraları vardı. Qardaşlarım da yaralı idi, çoxundan heç xəbərin yox idi. Sonra bizi qoydurlar “UAZ” markalı maşına apardılar Drambul kəndi var, ora. Orda da ən ağır yaralıları, orda ölənləri o kənddə də qoyurdular. Sonra bizi Vəngə apardılar. İşgəncələr verdilər...

Azər Quliyev:

-11 gün Vəngdə qaldıq. O 11 gün orda biz şiddətlər gördük. Elə olurdu ki, hərbçilər bizi döyürdü, yerli ermənilər də gəlib bizi  döyürdü. Yanımzda o qədər adamların başını  kəsirdilər, qolunu sındırırdılar ki... Mənə də 7 güllə dəymişdi, özümü itirmişdim, qan aparmışdı. 3-4 gündən sonra özümə gələndə uşağı soruşdum, dedilər ki, uşaq ölüb, burda basdırmışıq, xəstəxananın həyətində. Sonra bacım Nəsibə ilə məni apardılar Xankəndinə Xankəndidə bir aydan sonra qardaşımı tapdıq, 9 yaşı vardı, ona güllə dəyməmişdi. Amma Yaşarla Məzahir biz tuneldə güllələnən vaxtı orda qalmışdılar. 28 nəfər idik maşında. O 28 nəfərdən 7 nəfər biz qayıtmışıq.

Ailə üzvləri ilə söhbətdən onu da öyrəndik ki, Heydər Əliyev Ali Sovetin rəhbərliyinə gələndən sonra Qara kişi və Adilə ananı qəbul edir. Onların 3 övladının əsirlikdə olduğunu bilən Heydər Əliyev şəxsi təşəbbüsü ilə Nəsibə, Azər və Bəxtiyarı 3 ay, 15 gün davam edən erməni  əsirliyindən azad edir və xüsusi təyyarə ilə Vətənə gətizdirir. Ailənin digər 3 övladı, Yaşar, Aygün və Məzahirdən isə bu günə kimi heç bir xəbər yoxdur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər