08.09.2024, 05:47
AZ EN
22.06.2023, 09:00 192

Onunla həmişə qürur duyacağam

XƏBƏRLƏR

Etibar Səday oğlu Məmmədov 1994-cü il iyunun 22-də Ağstafa rayonunun Yaradullu kəndində anadan olub. Yusif İsmayılov adına Yaradullu kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2012-2014-cü illərdə "N" saylı hərbi hissəsində hərbi xidmətdə olub. O xidməti dövründə Vətənə layiq əsgər olaraq verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyini komandirləri valideynlərinə bildirib. Hərbi xidmətdən qayıtdıqdan bir il sonra doğmalarına yenidən ordu sıralarına qayıdacağını söyləyib. Xüsusi kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" saylı hərbi hissəsində tuşlayıcı-operator vəzifəsində xidmətə başlayıb. Etibar yenə də xidmətini peşəkarlıqla yerinə yetirərək yoldaşlarına nümunə olmağı bacarıb. "Mən də haqq savaşımız başlayanda döyüşənlər sırasında olub Vətənin harayına səs verəcəm", - deyərək daim biliklərini artırmağa çalışıb.
Anası Şahnaz Məmmədova oğlunun keçdiyi döyüş yolundan qısaca söz açır: "Ağlıma gəlməzdi ki, vaxt gələr və mən oğlum barəsində keçmiş xatirələrimi bölüşərəm. Həyatımız boyu müxtəlif çətin anlarla üzləşirik. Ancaq bir müddət sonra onlar ya unudulur, ya da ağrı-acılar arxada qalır. Övlad itkisi isə valideynlər üçün həmişə açıq, qanayan yara kimidir. Lakin onun qürurla anılması mənə təsəllidir. Etibar öz istəyi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmağı seçdi. Biz də valideynləri olaraq ona razılığımızı bildirdik. 2016-cı ildə Aprel döyüşləri başlayan vaxt Etibar da torpaqlarımız uğrunda döyüşdü. Onun evə qayıtdığını görəndə fərəhdən qanadlandım. 2020-ci ildə Tovuz döyüşlərində də iştirak etdi. Oğlumun gözlərində alışıb-yanan qisas hissini duymamaq mümkün deyildi. Həmin ilin 27 sentyabrında başlayan Vətən müharibəsində də döyüşlərə qatıldı. Füzuli istiqamətində əməliyyat tapşırığını yerinə yetirərkən döyüş yoldaşlarıyla birgə içində olduğu tank vuruldu. Sonra özünü kənara ataraq qurtulmağı bacardı. Bu dəfə də əlinə silahını alıb yoldaşlarıyla irəliyə gedərək düşmənin üstünə od yağdırdı. Ağır döyüşlərdə sentyabrın 28-dən 29-na keçən gecə şəhid oldu. Etibarın seçdiyi yol, qazandığı ada görə, həmişə qürur duyacağam".
"Mən də Birinci Qarabağ döyüşlərində iştirak etmişdim. Oğlum da uşaqlıqdan müharibənin nə demək olduğunu yaxşı anlayırdı. Həmişə deyərdi ki, mən də vuruşub torpaqları əsarətdən xilas edəcəm. Bu amalla hərbi formanı geyinərək xidmətə yollandı. O, Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdi. Onun gücünə, iradəsinə bələd idim. Hamımız bilirdik ki, Etibar qorxu bilmədən döyüşəcək. Belə də oldu. Çətin döyüşlərdə ölümünü gözə alaraq daha da irəliyə getdi və şəhid oldu. Doğulduğu Yaradullu kəndində də torpağa tapşırıldı”, - deyə atası Səday Məmmədov bildirib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Etibar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimizin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu kənddə adına bulaq kompleksi inşa edilib.

Bu gün qəhrəman şəhidimizin doğum günüdür. Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər