Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr edilən kitabın təqdimat mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov 44 günlük Vətən müharibəsindən danışıb, hərbçilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Qeyd edib ki, illər, əsrlər keçsə də şəhdilərimizin, qazilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar hər zaman ehtiram hissi ilə xatırlanacaq və yad ediləcək. Təşkilat sədri “44 Gün - Tarixi Zəfər” kitabının III cildinin də bundan əvvəlki cildlər kimi mükəmməl şəkildə hazırlandığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını deyib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev “44 Gün - Tarixi Zəfər” kitabının əhəmiyyətindən danışıb, kitabın nəşrini hərb tariximizin əbədiləşdirilməsi baxımından atılan mühüm addım kimi dəyərləndirib.
"44 Gün - Tarixi Zəfər" kitabında şəhidlər barədə ensiklopedik məlumat verilib.
Tədbirin sonunda “Vətən daşı” sənədli filmi nümayiş olunub, xatirə şəkli çəkilib. (AZƏRTAC)