24.04.2025, 14:22
AZ EN
14.05.2024, 10:54 344

Bu yolu özüm seçmişəm...

XƏBƏRLƏR
  • Münasibin qardaşı da hərbçi idi. Amma o, bu yolu özü seçmişdi. 44 günlük Vətən müharibəsi zamanı, odun-alovun içindən ata-anası ilə danışanda da bunu etiraf etmişdi. Doğmaları ona ehtiyatlı ol, özünü qoru, deyəndə, Münasib, bu bir qismətdi, demişdi...

“Oğlum Xocalı müsibətini törədənlərdən intiqamını aldı, torpaqlarımızın düşməndən alınması üçün canını fəda elədi...” Bu sözləri Münasibin anası qürur hissiylə deyir. Deyir ki, oğlu müharibənin düz 40-cı günündə şəhid olub. Qələbəni görməsə də, qisasını alıb...

Bu gün Vətən Müharibəsinin qəhrəman oğullarından olan şəhid Münasib Mübariz oğlu Yusifovun doğum günüdür. O, 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Münasib döyüş zamanı düşmən tankını ələ keçirib. Deyirmiş ki, düşməni öz texnikaları ilə məhv edəcəm... Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub.

Münasib Yusifov noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Münasib Yusifov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib.

Cənətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Münasib balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər