“Balamın belə şərəfli ölümü qarşısında baş əyirəm!”, - deyən anası fəxr edir ki, Araz kimi qəhrəman övladı var. Doğmaları, dostları deyirlər ki, Araz həmişə haqlının tərəfində olardı, ürəyi yumşaq, xeyirxah insan idi.
Bu gün Vətən Müharibəsi qəhrəmanı Araz Adil oğlu Məmmədovun doğum günüdür. O, 1994-cü il mayın 2-də Tovuz rayonunun Kirən kəndində anadan olub. Daha sonra Məmmədovlar ailəsi Gəncə şəhərinə köçüb və burada yaşamağa başlayıblar. Araz 2001-2012-ci illərdə Gəncə şəhərində K.Uşinski adına 29 nömrəli tam orta məktədə təhsil alıb. İdmanın cüdo növü ilə məşğul olurdu.
Araz Məmmədov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması bir Vətən övladı kimi Araz Məmmədova da təsir edib və o, döyüşlərə yollanmaq üçün Gəncə şəhərinin Kəpəz rayonunun SHXÇDX müraciət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Araz Məmmədov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əvvəlcə snayper, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin heyətində döyüşüb. Suqovuşan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin pulemyotçularının məhv edilməsində şücaətər göstərib. Elə bu istiqamətdə yüksəkliyin ələ keçirilməsi uğrunda gedən döyüşdə Araz Məmmədov meşədə gizlənən kiçik düşmən qruplarını aşkar edərək məhv edib, onlar arasında çaxnaşma yaradaraq idarəetməni dağıdıb.
İgid döyüşçü Araz Məmmədov noyabrın 4-də Suqovuşan istiqamətində gedən qızğın döyüşdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Gəncə şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müfafiq sərəncamlarına əsasən Araz Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD