Sızlasa da könüllər
Şəhidlərin yasından.
Qoşa addım getməli
Onların arxasından...
Bu misralar baş leytenant, Vətən müharibəsi şəhidi Ruslan Bayramovun qardaşı Ziyaya məxsusdur. Ruslan müharibədə iştirak edəndə qardaşı da hərbi xidmətdə olub. Ziya Ruslanın şəhid olması xəbərindən sarsılsa da bu gün başını dik tutur, onunla qürur duyur, “Şəhidlər müqəddəsdi”, - deyir.
Bu gün doğum günü olan baş leytenant, Vətən müharibəsi şəhidi Ruslan Azər oğlu Bayramov Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və təhsilini uğurla başa vurub.
Azərbaycan Ordusunda kəşfiyyatçı olan leytenant Ruslan Bayramov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb.
Ruslan Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında mərdliklə savaşıb. Döyüşlərin birində komandiri yaralandığından, tağıma rəhbərlik ona həvalə edilib. Müharibədə göstərdiyi şücaətlərə görə elə döyüşdəcə ona baş leytenant rütbəsi verilib.
Ruslan Bayramov yoldaşları ilə düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb. Şəhidin atası Azər Bayramov bildirir ki, Ruslanın döyüş yoldaşları onun Hadrut və Xocavənd ətrafındakı yüksəkliklərin ələ keçirilməsində böyük xidmətləri olduğunu deyiblər. O, son dəfə Şuşanın alınması uğrunda gedən savaşlarda döyüşüb. Elə Şuşada da qızğın döyüşlərin birində snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Quba rayonunda doğma kəndində böyük izdihamla torpağa tapşırılıb.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncmlarına əsasən Ruslan Bayramov ölümündən sonra”Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xovavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Doğmaları deyirlər ki, Ruslan hərbçi olmağı özü seçmişdi.
O, döyüşlərdə cibində iki bayrağımızı gəzdirirdi. Həmin bayrağın birini Xovavənddə asaraq baş leytenant rütbəsi qazandı. O biri bayrağı da Şuşaya saxlamışdı və Ruslan bu arzusuna da çatdı.
Atası deyir ki, Ruslanın şəhidliyini sakit qarşılayıb, sanki bunu gözləyirdi. Həm də bundan əvvəl doğmalarından, yaxın dostlarından şəhid olanlar vardı...
Ruslanın anası bildirir ki, ana üçün övlad itkisi çox ağırdı, sanki o bir dünyasını itirib: “Onunla çox qürurluydum, bir dağa söykənmiş kimi. Ruslan nə istəyib bir ana kimi eləmişəm, ancaq il yarım onun üzünü görə bilmədim”.
Ruslan müharibədə olduğunu anasına bildirməyib. Anası hələ də oğlunun yoxluğuna inana bilmir...
Şəhidimiz ailəli idi, Ruslanın üzünü görə bilmədiyi Arzu adlı bir qız övladı Vətənə əmanətdir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD