30.12.2024, 16:28
AZ EN
02.04.2024, 16:18 206

Nazir: Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramları hazırlanıb

XƏBƏRLƏR
  • İndiyədək 5 mindən artıq sakin işğaldan azad edilmiş bölgələrə qayıdıb. Onların 2500 nəfərdən çoxunu əmək qabiliyyətli əhali təşkil edir və həmin ərazidə öz həyatlarını qurmaq üçün sakinlərin məşğulluğu təmin edilməlidir. Təkcə mənzillərin verilməsi və sosial ödənişlərlə həyatı təmin etmək olmur. Ona görə də Böyük Qayıdış Proqramı çərçivəsində çoxsaylı məşğulluq tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bunu yeni fəaliyyətə başlayan DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı olan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir daha sonra deyib: “İndiyədək 2500 vətəndaşla bu sahədə iş aparılıb. Onların 1500 nəfəri daimi işlə təmin olunub və 1000 nəfərlə aktiv iş aparılır. Nəzərə alsaq ki, bu il daha 20 min nəfər öz doğma yurduna, ev-eşiyinə qayıdacaq, onda qarşıda çox böyük iş dayandığı aydın olar. Ona görə də bütün aidiyyətı dövlət qurumları və özəl sektorla birlikdə ən böyük üstünlüyü məskunlaşan əhalinin məşğulluğuna veririk. Həmçinin onlar üçün özünüməşğulluq proqramları çərçivəsində xüsusi kvota ayrılıb, digər aktiv məşğulluq tədbirləri vasitəsilə onlara dəstək vermək istəyirik. Öz doğma ocağına geri qayıdan şəxslərin bir çoxunun ixtisassız olması əsas çətinliklərdən biridir. Xüsusi olaraq Qarabağ və Şərqi Zəngəzura köç edənlər üçün peşə hazırlığı proqramları hazırlanıb. Hər il təxminən 3 min nəfərə peşə hazırlığı vasitəsilə ixtisas və bilik veriləcək. Artıq həmin ərazilərdə Həm Qarabağ Peşə Hazırlığı Mərkəzi, həm də ona qədər özəl peşə hazırlığı mərkəzləri fəaliyyətə başlayıb. Vətəndaşlar həm onlayn, həm DOST və məşğulluq, həm “Cağrı” mərkəzləri vasitəsilə müraciət edə bilərlər. Bununla əlaqədar bir neçə dəfə Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Xankəndi sakinləri üçün elanlar vermişik. Ən azı ildə 3 min nəfər təlim keçməklə 12 min nəfərin məşğulluğunu təmin etməyi nəzərdə tutmuşuq. Paralel olaraq Elm və Təhsil Nazirliyinin peşə məktəbləri də analoji proqram elan ediblər və təxminən o qədər də vətəndaşın peşələrə yiyələnməsini onlar həyata keçirəcəklər. Məqsəd ondan ibarətdir ki, ən azı 20-25 min nəfərə peşə təhsili verilsin”. (AZƏRTAC)

Oxşar xəbərlər