Naiq Ələkbərov 2014-2015-ci illərdə gizir hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib.
Daha sonra 2015-ci ildə XTQ kurslarından uğurla keçən Naiq, 2016-ci il Aprel döyüşlərində iştrak edib və göstərdiyi şücaətə görə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Qeyd edək ki, Aprel döyüşlərində Naiq Ələkbərov kəşfiyyatçı kimi iştirak etmişdi.
Azərbaycan Ordusunun giziri Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə də mərdliklə iştirak edib.
O, oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə Naiq Ələkbərov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Gizir Nail Ələkbərov ailəli idi. İki qızı, bir oğlu Vətənə əmanətdir.
Şəhid Naiq Ələkbərovun həyat yoldaşı əynində hərbi geyim qürurla deyir ki, mən yoldaşımla fəxr edirəm. Çünki o bir qəhrəmandır.
"Yoldaşım tez-tez “Vatsapp” statuslarında general Polad Həşimovun sonuncu dəfə paylaşdığı “Biz dünyadan köçər olduq, qalanlara salam olsun” videosunu paylaşırdı. Ondan bunun səbəbini soruşanda dedi ki, vaxt gələcək, məni anlayacaqsan”.
Vətən müharibəsində həm yoldaşını, həm də qardaşını itirən Əfsanə Ələkbərova hər iki şəhidilə qürurlanır:“Fəxr edirəm ki, iki şəhidim var. Bu ucalıq hər insana nəsib olmur. Ailədə yeganə qardaşım və həyat yoldaşımın xatirələri ilə yaşayıram. Hər ikisi Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Onların qəlbində qorxu deyilən bir şey yox idi. Ürəkləri yalnız vətən üçün döyünürdü. Övladlarıma onların müharibədəki qəhrəmanlıqlarından danışıram. Naiq çox mehriban, qayğıkeş və vətənsevər biri idi. Övladlarına da hər zaman vətəndən danışırdı."
Əfsanə xanım deyir ki, Naiq Aprel döyüşlərinə gedəndə xəbərim yox idi. Sonradan eşitdim ki, yoldaşım oradadır və çox qürurlandım. Ayağından yaralandığını da heç kimə deməmişdi...
“Əlbəttə ki, onsuz yaşamaq çox çətindir. Uşaqlara atasının yoxluğunu hiss etdirməməyə çalışıram. Amma “Atam harda qaldı”, - deyə hər gün suallara cavab verməkdə çətinlik çəkirəm. “Atanız yaxşı yerdədir, cənnətdədir və bizi görür”, - deyə onlara cavab verirəm. Yoldaşımla qardaşımın hər yerdə xatirələri var. Şəhid analarına, xanımlarına demək istəyirəm ki, səbr edin, onlar qəhrəmandırlar. Başınızı uca tutun”.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD