Babacan kənd icma sədri, ehtiyatda olan polis polkovniki, Mübariz Quliyev:
-Bu gün biz kənd camaatı olaraq, kəndimizin bir qrup ziyalıları ilə bura yığışmışıq. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki il öncə öz doğum günündə Qərbi Azərbaycan İcmasının binasının açılışı zamanı Qərbi azərbaycanlılarla böyük bir tədbir keçirmişdi. Həmin tədbir illərlə bizim qəlbimizdə bayram sevincinə çevriləcək və bu gün Prezidentimizin doğum günü ərəfəsində biz heykəlin ətrafında toplaşmışıq. Çünki artıq Qərbi Azərbaycana dönüşlə bağlı tədbirlərin keçirilməsinə başlanılıb. Biz bu gün həm kənd icmamız adından, həm ziyalılarımız adından ölkə Prezidentimizin qarşıdan gələn doğum gününü bir daha təbrik edirik. Allah onun canını sağ eləsin. Bu gün bu gözəl məkanda, Bakımızın ən dilbər guşəsində heykəli ucaldılan Dədə Ələsgərimizin ziyarətinə yığışmağımızın sevincini yaşayırıq. Ona görə ki, biz Göyçəni Dədə Ələsgərsiz təsəvvür edə bilmərik. Göyçə hər zaman Dədə Ələsgərin adıyla yaşayıb. Möhtərəm Prezidentimizin diqqəti sayəsində bu yer seçilib. Elə burda da Prezidentimiz çıxışında elan etmişdi ki, bu heykəlin burda qoyulmasını mən təklif etdim. Bu isə bizim üçün böyük xoşbəxtlikdir. Ona görə ki, Dədə Ələsgərlə Mustafa Kamal Atatürkün heykəli qarşı-qarşıyadır. Bu isə türkçülüyün və gələcəyimizin bir xoşbəxtliyidir.
Bununla bərabər hər birimiz ümid edirik və əminəm ki, yaxın zamanlarda Qərbi Azərbaycana qayıdacağıq. Göyçəmizdə, Aşıq Ələsgərin yaşadığı Ağkilsə kəndində və Göyçənin hər bir kəndində Dədə Ələsgərin heykəlinin ucaldılmasının şahidi olacağıq.
Biz möhtərəm Prezidentimizə bir daha minnətdarıq ki, bu gözəl heykəlin burda qoyulmasını bizə bəxş etdi və hər bir göyçəli kimi bizim də borcumuzdur ki, Göyçə adının ilk ziyarətini burdan başlayaq.
Babacan kənd sakini, təqaüdçü, Tərlan Allahverdiyeva:
-Bu gün Dədə Ələsgərin ziyarətinə gəlmişik. İnşallah, Göyçəyə də ziyarəti burdan başlayacağıq. Prezidentimizin sayəsində qayıdacağıq Göyçə mahalımıza. Ona görə də mən Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsun. Allah Ona sağlam və uzun ömür versin. Allah onu həmişə qorusun!
Kimya üzrə fəlsəfə doktoru, dosent, Vaqif Vəliyev:
-Mən Göyçə mahalının Babacan kəndində doğulmuşam. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentiyəm. Dədə Ələsgərin abidəsinin ziyarətinə gəlmişik. Prezidentimizin Qərbi Azərbaycana Qayıdış məsələsi ilə əlaqədar olaraq Prezidentin səyi nəticəsində, zəhməti nəticəsində saz-söz ustadı Aşıq Ələsgərin abidəsi burada ucaldılıb. Arzu edirəm ki, Prezidentimiz cənab İlham Əliyevin sayəsində belə bir görüşü Göyçə mahalında keçirək. İnanırıq ki, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” uğurla həyta keçiriləcək və biz Göyçəyə qayıdacağıq, təkcə Göyçəyə deyil, bütün Qərbi Azərbaycan torpaqlarına qayıdıb doğma yurdlarımızı ziyarət edəcəyik. Bu gün burda Dədə Ələsgərin abidəsinin ucaldılması, dövlət başçımızın Dədə Ələsgərə verilən diqqət və qayğısının nəticəsidir. Ona görə də mən də Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdartlığımı bildirir, ona sağlam və uzun ömür arzulayıram.
Babacan kənd sakini, Əzizova Səkinə Xıdır qızı:
-Mən şəhid Xıdırov Məhərrəm İbad oğlunun həyat yoldaşıyam. Özümə borc bilib Dədə Ələsgərin heykəni ziyarətə gəlmişəm. Heykəlin burada ucaldılmasına görə Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. İnşallah, cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində biz də dədə-baba yurdlarımıza qayıdarıq. Göyçəmizdə Dədə Ələsgərin məzanını ziyarət edərik.
Hazırladı: Tahirə AĞAMİRZƏ