22.11.2024, 19:26
AZ EN
14.03.2024, 16:31 318

“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib

XƏBƏRLƏR
  • Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Füzuli Könüllüləri” qrupuna qeydiyyat başlanıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq başladılan “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Tədbirdə “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı iştirak ediblər.

Bildirilib ki, proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Füzuli rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər.

Qeydiyyat cari il aprelin 1-nə kimi aparılacaq.

Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Füzuli rayonu ərazisində müxtəlif könüllü fəaliyyəti göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin prioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları fəaliyyət göstərir. Sözügedən qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər. (AZƏRTAC)

Oxşar xəbərlər