23.11.2024, 01:05
AZ EN
11.03.2024, 08:28 365

Professor Ələddin Şamilov öz elmi fəaliyyətini yüksək səviyyədə davam etdirir

XƏBƏRLƏR
  • Tanınmış Azərbaycan riyaziyyatçısı, uzun illər Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmış professor Şamilov Ələddin Xalıqverdi oğlu 1943-cü il martın 10-da Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1958-ci ildə Nərimanlı kənd orta məktəbində 10-cu sinifini bitirmişdir. Həmin ildə Gəncə Dövlət Pedaqoji institutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.

1967-ci ildə ADU-nun Diferensial və inteqral tənliklər kafedrasının aspirantı olmuşdur. 1969-cü ildə kafedranın müəllimi seçilmişdir. 1972-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvi Qoşqar Əhmədovun elmi rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-cü ildə V.A.Steklov adına Riyaziyyat institutun aparıcı təşkilatlığı altında Ukrayna EA Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.

1978-ci ildə BDU-nun dosenti, 1987-ci ildə professoru olmuşdur. 1995-ci ildə Ümumuniversitet kafedrası olan “Ümumi Riyaziyyat” kafedrasını qurmuşdur və bu kafedraya 4 il rəhbərlik etmişdir. Sonra Türkiyə Universitetlərinə dəvət almış və elmi pedaqoji yaradıcılığını da Türkiyənin müxtəlif universitetlərində davam etdirmişdir.

1999-cu ildə Türkiyə Cümhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuşdur. 2003-cü ildən etibarən Anadolu Universitetində işləmişdir. BDU-da Riyaziyyat-mexanika fakültəsi ilə birlikdə Universitetin ixtisas yüksəltmə fakültəsində Azərbaycan və digər respublikaların universitet müəllimlərinə uzun illər təcrübəli bir professor kimi dərs demişdir. BDU-da doktorluq şurasının həmsədri, Universitet şurasının üzvü, Fakültə Elmi Şurasının üzvü, Təhsil Nazirliyi yanında Metod Şura üzvü və Hazırlıq şöbəsi dekanı vəzifəsində işləmişdir. 2021-ci ildən etibarən Azərbaycan Milli EA-nın Mexanika və riyaziyyat institutunda Diferensial Tənliklər Şöbəsində baş elmi işçi olaraq işləyir.

İki oğlu vardır: Şamilov Əlövsət və Şamilov Zəfər.

Elmi fəaliyyəti

Azərbaycanın tanınmış riyaziyyatçısı Ələddin Şamilovun özünə məxsus təkrar olunmaz elmi fəaliyyəti olmuşdur. Ələddin müəllim aspirant dövründə AMEA-nın müxbir üzvi Qoşqar Əhmədovun elmi rəhbərliyi altında gecikən arqumentli diferensial tənliklər üçün dayanıqlıq məsələləri üçün kafi şərtlər müəyyən etmiş, kvazi xəttiləşdirmə metodu ilə çoxnöqtəli sərhəd məsələlərinin təqribi həlləri təyin etmişdir.

Ələddin müəllim doktorluq işində Funksional diferensial tənliklər üçün və xüsusi törəməli eliptik diferensial tənliklər üçün klassik ballistik məsələnin ümumiləşmiş şəkli olan sərbəst sərhədli məsələyə baxılmış və bu məsələlərin varlıq teoremlərini və yoxluq teoremlərini isbat etmək üçün iki metod işləyib hazırlamışdır. Və bununla da  o, ilk dəfə elleptik tip differensial tənliklər üçün yeni bir məsələni, ümumiləşmiş ballistika məsələsini qoymuşdur və həll etmişdir. 

Bu ilk haqqında o dövrdə Ukrayna riyaziyyatının zirvələrindən sayılan akademik Qarbaçuk özünün Knyux adlı aspirantının disertasiyasını məhz Ələddin Şamilovun bu yeni məsələsinin tədqiqinə həsr etmişdir və çox böyüklük nümayiş etdirərək həmin dissertasiya işində bu məsələnin məhz ilk dəfə Ələddin Şamilov tərəfindən qoyulduğunu və araşdırıldığını açıq mətnlə yazmışdır. Həmçinin bu yeni məsələyə Moskva Dövlət Universitetinin hal-hazırda da rektoru olan Viktor Antonoviç Sadovniçiy də böyük maraq göstərmişdir və Ələddin müəllimin doktorluq disertasiyasının rəsmi oponenti olmuşdur və sonradan aralarında yaxın dostluq da yaranmışdır. Bununla da o dövrdə əsasən müdafiə mövzularının Rusiyadan və Ukraynadan götürüldüyü halda Ələddin müəllimin elmi yeniliyi, mövzusu həm də o ölkələrdə araşdırılmağa başlanmışdır. Bu Ələddin müəllimlə yanaşı, Azərbaycan riyaziyyatının uğuru idi.

Ələddin Şamilov Bakı Dövlət Universitetində və Riyaziyyat mexanika institutunda elmi rəhbərliyi altında 7 elmlər namizədliyi dissertasiyası yazılmışdır və müvəffəqiyyətlə müdafiə olunmuşdur.

Türkiyə Cümhuriyyəti Anadolu Universitetində işlədiyi zaman elmi rəhbərliyi altında 7 fəlsəfə doktorluq dissertasiyası və 9 magistratura dissertasiyası yazılmış və müvəffəqiyyətlə müdafiə olunmuşdur.

Bir çox doktora dissertasiyaları üzərində çalışan tələbələrin fəaliyyətinə nəzarət edən və müdafiə şurasında iştirak edən komissiyanın üzvü olmuşdur.

Ələddin Şamilov 7 kitabın və yerli və ya beynəlxalq jurnallarda çap olunmuş 160-dan çox elmi əsərin müəllifidir. 5 kitabı məhz Türkiyə ali məktəbləri üçün türk dilində nəşr olunmuşdur.

Ələddin müəllim Riyaziyyatın və statistikanın müasir problemlərinə aid 12-dən çox mötəbər beynəlxalq elmi konfransların iştirakçısı və bir çoxunun isə bölüm rəhbərlərindən olmuşdur. Onun məqalələrinin əksəriyyəti dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuşdur.

Ələddin Şamilov hələ də öz elmi fəaliyyətini yüksək səviyyədə davam etdirir. Ələddin müəllimin ən son elmi məqaləsi bu ilin yanvar ayında Amerika Statistika Assosiasiyasının (ABŞ) “Cari Statistika İndeksi”ndə əsas statistik jurnallardan biri hesab olunan və dünyanın ən məşhür elmi jurnallarından sayılan “Pakistan Journal of Statistica” jurnalında nəşr olunmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər