Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və məktəblilər iştirak edib.
Əvvəlcə şəhərin Fəxri xiyabanında qəhrəmanın məzarı ziyarət edilib, üzərinə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.
Sonra Xırdalan şəhərində davam edən tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı Zəfərdən danışıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli iradəsi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində xalqımız döyüş meydanında düşmənə qalib gəlməsi ilə haqq-ədalət bərpa olunub.
İşğaldan azad olunan rayon və kəndlərimizdə sürətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən icra hakimiyyətinin başçısı soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb.
Şəhid Murad Arzullayevin atası Təvəkkül Arzullayev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov və digərləri çıxış edərək dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib və buna görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon rəhbərliyi, şəhid valideynləri şəhid Murad Arzullayevin yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüblər. Ailənin qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da diqqət və qayğının daima göstəriləcəyi qeyd edilib.
Prezident İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlunun da 37-ci doğum günü qeyd olunub. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları II Fəxri xiyabanda onun məzarını ziyarət edib, şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb.
İştirakçılar Emil Mailovun yaşadığı evə gələrək onun ailə üzvləri ilə görüşüb, ailənin qayğıları ilə maraqlanıblar. Bildirilib ki, Emil Mayılov 2021-ci il noyabrın 30-da Mi-17 hərbi helikopterin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətdən və şücaətdən bəhs edilib.
Sonra Vətən müharibəsində igidliklə döyüşərək şəhid olan, "Hərbi xidmətlərə görə" , “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən Şabanov Rüfət Rauf oğlunun anadan olmasının 23-cü ildönümü yad edilib. Şəhidimizin Ceyranbatan qəsəbəsindəki məzarı ziyarət edilib, önünə gül dəstələri düzərək xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olan Rüfət Şabanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi naminə başlanan Vətən müharibəsində iştirak edib, Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rüfət Şabanov 2020-ci il oktyabrın 3-də Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Görüşlərdə iştirak edən rayon rəhbəri daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan Vətən müharibəsi şəhidi Ziyəddin Rəşidovun atası Arzu Rəşidova, o cümlədən müharibə iştirakçıları Nurlan Babayev, Rasim Hacıyev və Bəxtiyar Ağayeva baş çəkib. Onların səhhətləri və müalicələri ilə maraqlanan rayon rəhbəri tezliklə sağalmalarını arzulayıb, şəfa diləyib.
Söhbət zamanı müalicə alan qazilər xəstəxanada onlara yaradılan şəraitdən, göstərilən xidmətdən razı qaldıqlarını, xəstəxanada bütün lazımi tibbi tədbirlərin görüldüyünü vurğulayaraq onların müalicələrinin, reabilitasiyasının təşkilində göstərilən böyük diqqətə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.
Keçirilmiş bütün görüş və tədbirlərdə şəhid ailələri və qazilər ilk günlərdən onlara göstərilən diqqət və qayğını xüsusilə qeyd edərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər. (AZERTAC)