20.10.2024, 01:24
AZ EN
17.03.2023, 10:48 176

Bu gün şəhid mayor Abbas Qasımovun doğum günüdür

XƏBƏRLƏR
  • Doğma Qərbi Azərbaycandan deportasiya olunanda Vətəndən ayrılığın ağısını hələ körpə ikən dadmışdı Abbas. Eldən-elə, yurddan-yurda daşınan ailə yenicə rahatlıq tapmışdı ki, yağı düşmən Qarabağı işğal etmək niyyətinə düşdü və havadarlarının hərbi dəstəyi ilə bu məkrli niyyətinə nail də oldu. Elə o vaxtdan da Abbasın düşmənə nifrəti getdikcə böyüməyə başladı. Çox çalışdı, hərbin sirlərini mənimsədi, bilmədiyini dəfələrlə təkrarladı. Axı, qarşısına məqsəd qoymuşdu Vətən torpağını düşməndən təmizləyəcəyini...

Sözünə sadiqliyini, Vətənə oğul borcunu düşmənə ağır zərbələrlə məhv etməklə Vətənin azadlığı uğrunda  şəhidliyi ilə sübut elədi qəhrəmanımız.

  Mayor Qasımov Abbas Rza oğlu 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olmuşdu, 6 yaşı olanda atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilmişdi. Azərbaycana pənah gətirən Qasımovlar ailəsi Binəqədi rayonunda yurd salmışdılar. Abbas Qasımov  1993-2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov  adına 157 saylı tam orta məktəbdə təhsil, 2003-2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru, hərbi pilot Abbas Qasımov 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində savaşaraq igidlik nümayiş etdirib. O, sentyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Böyük ehtiram və izdihamla II Fəxri Xiyabanda dəfn edilib.

Mayor Abbas Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi. İki övladı Vətənə əmanətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər