Bu sözləri bu gün azad edilən ərazilərə səfər edən Samirə Ağayeva bildirib.
O qeyd edib ki, itkinlərin taleyi haqqında məlumatların açıqlanması üçün beynəlxalq qurumlar Ermənistana təzyiq etməlidir: “Bu gün azad edilən torpaqlarda olmaq çox qürurvericidir. Bizim üçün bu, həm də ağır bir hissdir. Mən bu torpaqlara ayaq basdıqca düşünürəm ki, atam da bu torpaqlarda gəzir. Onun burada ayaq izləri var”.
O, atası itkin düşəndə qırx günlük körpə olduğunu vurğulayıb: “ Tək arzum üzünü görmədiyim atamın taleyindən xəbər almaqdır. Mən çox ümidlə gözləyirəm. Ümidvaram ki, dünya səsimizi eşidəcək, BMT, digər qurumlar itkinlər haqqında məlumatların açıqlanmasına kömək edəcəklər”.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu bu gün Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.
Səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə təşkil olunub. 40 nəfərdən ibarət heyət itkin düşmüş doğmaları barədə məlumatların açıqlanması üçün media vasitəsilə beynəlxalq təşkilatlara müraciət edib. (APA)