2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Agcabədi rayonunda “N” saylı hərbi hissədə 3 ay xidmət etdikdən sonra Beyləqan ərazisindəki hərbi hissəyə göndərilib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ruslanın da xidmət etdiyi tabor düşmənin strateji postlarını bir-birinin ardınca ələ keçirməyə nail olub. Döyüş meydanında şücaət göstərən Ruslan Abbasov 2020-ci il oktyabrın 14-də Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz oktyabrın 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla dəfn olunub.
Şəhid əsgər Ruslan Abbasov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Vaxtılə ata-anası Ruslanın əlindən tutub Sahil qəsəbəsindəki məktəbin birinci sinfinə birgə aparmışdılar. Amma illər sonra anası Leyla xanım yeganə oğlunu hərbi xidmətə tək yola salıb. Qürbətdə yaşayan atasının Sahil qəsəbəsində yaşayan əmisi oğlu Abbasın həyat yoldaşı Kamilə xanım deyir ki, Ruslanı hərbi xidmətə yola saldığımız gün nəvəm Dürrə əlində milli bayrağımızı tutmuşdu: “Necə oldusa, həmin bayraq çağırışçıları hərbi xidmət yerinə aparan avtobusun üzərinə yerləşdirildi. Dürrə də həmişə deyərdi ki, nənə, qoy Leyla xala Ruslan əmiyə zəng edəndə desin ki, əsgərlikdən qayıdanda mənim bayrağımı gətirsin!..” Şəhid Ruslanın üçrəngli bayrağımıza bükülmüş nəşi qəsəbəyə gətiriləndə adamların əllərində dövlətimizin və qardaş Türkiyənin yüzlərlə bayrağının dalğalandığını görən Dürrə çox kövrəlib, nənəsinə deyib ki, kaş mən Ruslan əmidən o bayrağı istəməyəydim: “Bax gör özü ilə nə qədər bayraq gətirib?!."
Şəhid Ruslanın tabutu son mənzilə izdihamla yola salındı. Kamilə xanım deyir ki, Ruslan uşaq vaxtından anasına çox bağlı övlad idi. “Anasını sevən oğul Vətənini də sevər... Vətənimizi yaşadan, Azərbaycanın adını daim uca edən Ruslan kimi qəhrəman oğullarımızdır...”
...Ruslanın anası Leyla xanım oğlu barədə danışmağa çətinlik çəkir. Qardaşı Ramizin evində şəhid oğluna aid xatirə güşəsində saxlanılan şəkillərə baxa-baxa kövrəlir. O, cavan gəlinlik çağlarından ailənin bütün ağırlığını öz üzərinə götürmüşdü; qızı Aygünə, oğlu Ruslana həm ata, həm ana olmuşdu. Leyla xanımın taleyi doğrudan da nağıla bənzəyən acı bir həqiqət idi. Təkbaşına 2 uşağını boya-başa çatdırmaq üçün kişi kimi əzab-əziyyətlərə qatlaşmışdı.
2019-cu ildə dekabr ayının ortaları idi. Ruslan zəng edib anasına təsəlli verdi: “Darıxma ana, inşallah, bir də sənə dekabrın 31-də zəng edib Yeni il münasibətilə təbrik edəcəyəm. Qismət olsa, həmən gün sənə yaxşı sürpriz edəcəyəm...”
Leyla xanım Yeni il ərəfəsində Ruslanı yuxusunda görür. Yuxuda qardaşı Ramiz ona gözaydınlığı verərək, Ruslanın gəldiyini deyir. Leyla xanım ertəsi gün yuxusunu qardaşına danışıb və dekabrın 31-də Ruslanın zəngini intizarla gözləyib. Həmin gün Ruslan qısamüddətli məzuniyyətə gəlib, əvvəlcə dayısıgilə baş çəkib. Ramiz də Leyla xanıma xəbər verib ki, sənin yuxun çin çıxdı... Beləcə Ruslan gözlənilməz gəlişi ilə anasına yeni il sürprizi edib...
Bu gün doğmaları Ruslan haqqında həm də qürur hissi ilə danışırlar. Ruslan deyirmiş ki, Şuşada bayrağımızı özüm asacağam... Ruslan kimi oğullar Vətənin Zəfər tarixinə öz qanlarıyla imza atıblar. Şəhidlər bütün Azərbaycanın fəxridir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Ruslan balamız!
Mina RƏŞİD