21.09.2024, 06:32
AZ EN
23.02.2024, 11:03 252

O gecə erməni zabitini öldürən Xocalı şahidinin dedikləri...

XƏBƏRLƏR
  • Hər il fevral ayı yaxınlaşanda Xocalı faciəsinin ağırlığı sanki üzərimizə çökür, qəlbimizdə bir ağrı baş qaldırır. Amma nə yaxşı ki, bu gün Xocalının qisası alınıb. İndi Xocalıda böyük sürətlə quruculuq işləri gedir. Tezliklə Xocalı öz sakinlərini qoynuna alacaq. Amma Xocalı soyqrımı heç vaxt unudulmayacaq. Dərdimiz həmişə diri qalacaq. Çünki düşmənimiz çox azğındır, onun kini heç vaxt bitib-tükənməyəcək. Xocalı faciəsinin 32-ci ildönümü ərəfəsində “Xocalının səsi” qəzetinin baş redaktoru, şair Qalib Bəyməmmədoğlunun Xocalı faciəsinin şahidi, veteran Şahmar Əzimovla müsahibəsini “Vətən səsi”nin oxucularına təqdim edirik.

Həyat yoldaşımın qorxulu yuxusu gerçəyə döndü...

Əzimov Abbasqulu Şahmar oğlu 1951-ci ildə Laçın rayonunun Nurəddin kəndində anadan olub. Abbasqulu 10 yaşında olarkən ailəsi Xocalı rayonunun Həsənabad kəndində yaşayan əmisi Seydulla kişinin yanına köçüb. Abbasqulu orta məktəbə Həsənabadda gedib. O, əsgərliyini Leninqradda dəniz piyadasında çəkib. Erməni seperatçıları baş qaldıranda 1988-ci ildən ailə Xocalıda yaşamağa başlayıb. Xocalıya köçəndə artıq Abbasqulu kişi də ailə həyatı qurmuşdu, üç oğlu vardı. Abbasqulu kişi burada Xocalının Özünü Müdafiə Batalyonuna yazılaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə başlayıb. Meşəlinin işğaldan azad edilməsi uğrunda Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərliyi ilə Xocalıdan vertolyotla köməyə gedən dəstənin içərisində Abbasqulu Əzimov da olub.
Xocalı soyqırımı zamanı şəhərin müdafiəsi uğrunda igidliklə döyüşlərə qatılıb, camaatın çıxmasına köməklik edib. Soyqırımı günü Abbasqulu Əzimov bir qrup döyüşçü və Aqil Quliyevin dəstəsi ilə Xankəndi və Noraguğ tərəfdən hücuma keçən ermənilərə qarşı müqavimət göstərib. Abbasqulu kişi həmin döyüşləri və soyqırım müsibətlərini belə xatırlayır:
- Erməni quldurları havadarlarının aldığı ağır texnikalarla, iriçaplı silahlarla Xocalıya hücuma keçdilər. Bizdə ancaq avtomat var idi. Döyüş yoldaşlarıma dedim ki, bir az gözləyək, elə bilsinlər ki, qaçmışıq. Piyadalarla üstümüzə hücum edəndə döyüşə girərik. Belə də oldu. Üçüncü dəstəni məhv etdikdən sonra ermənilər ağır texnikalarla yenidən hücuma keçdilər. Bu dəfə geri çəkilməyə məcbur olduq. Evimizə tərəf gedəndə oğlum Aydın mənə tərəf yüyürdü. Aydının 15 yaşı vardı. Mən onlara şəhərin aşağısına getmədikləri üçün acıqlandım. Döyüşmək istəsəm də, Tofiq Hüseynov mənə dedi ki, ailəni götürüb get burdan. Ancaq mən bununla razılaşmayanda Tofiq Hüseynov bu, bir əmrdir deyərək qətiyyətlə məni fikrimdən döndərdi. Yoldaşımı, üç oğlumu və Qəmiş kişinin nəvəsini götürüb Qarqarçayına tərəf üz tutmalı oldum. Çayı keçdikdən sonra Kətik dağına qalxmağa başladıq. Müsibətli gecədə yoldaşım Dilarə mənə öz qorxulu yuxusunu danışmağa imkan tapdı.
- Yoldaşınızın sizə danışdığı yuxu yadınızda qalıb?
- Dedi ki, yuxuda sel görmüşəm. Sel Natiqlə məni apardı, amma sizə heç nə olmadı. Faciəmiz ona əyan olduğu üçün Natiqi özü götürmüşdü. Natiqin 7 yaşı vardı. Meşə ilə getdiyimiz yerdə böyük oğlum Aydın mənə dedi ki, arxada bir uşaq qalıb. Təxminən 200 metr arxaya qayıdıb həmin uşağı tapıb gətirib anasına verdim. Uşağı tapanda yönü qibləyə sarı idi. Ağlamırdı. Bir əlimdə uşaq, o biri əlimdə avtomat qaratikan kolundan tutaraq yuxarıya dırmaşdım. Sürüşüb aşağı düşür, dizlərimlə özümə güc verərək yenidən qalxırdım.
Kətik dağını müsibətlə aşdıqdan sonra Qaraqayanın yanından Şelliyə tərəf getmək istəyirdik. Xocalının o vaxtkı icra başçısı Elman Məmmədov da bizimlə idi. O, camaata kömək edirdi. Silahı olanlara dedi ki, yuxarıları tutub yan-yörələri gözləyin ki, camaat keçə bilsin. Mən də yuxarı qalxıb avtomat əlimdə gözlədim. Camaat gedirdi. Ağbulaq kəndinin yolunu keçməli idik. Orada camaatı qırdılar. Həmin yerdə donuz fermasının üstündə pulemyotu olan BRDM-lə camaatı gülləbaran etdilər. Hündür təpələrdən də pulemyotla döşədilər.
O qarda, şaxtada 15 yaşlı oğlum ayaqyalın qaçırdı...

- Orada nə qədər insanı qətlə yetirdilər?
Üç yüzə yaxın insanı orada qətlə yetirdilər. Mən orada yoldaşımdan, ortancıl oğlum Ceyhundan və kiçik oğlum Natiqdən aralı düşdüm. Böyük oğlum Aydın mənim yanımda idi. Aydına dedim ki, güllə sənə də dəyəcək, sürünə-sürünə get. Baxdım ki, fermanın pəncərəsindən də bizi atəşə tuturlar. Oranı gülləyə verdikdən sonra aralaşdıq.
Bir təhər təpəyə qalxdıq. Qaz idarəsinin müdiri Novruz, atası Salah, Novruzun oğlu, Aqil müəllim orada durmuşdular. Onlara dedim ki, mən qabağa keçəcəyəm, siz də arxamca gəlin. Amma mən deyəni etmədilər. Onlardan xeyli aralanmışdıq ki, həmin tərəfdən güllə səsləri eşidildi. Onlardan indiyədək heç bir məlumat yoxdur.
Biz yolumuza davam etdik. Aydın ayaqyalın idi. Xırda meşəlik olan ərazidə yorulub uzanmışdıq. Aydın ayağımı sıxaraq ermənilər gəlir dedi. Gördüm ki, təpənin arxasına beş erməni keçdi. Avtomatı yoxlayıb hazır dayandım. Onları vura bilmək üçün yerim yaxşı deyildi. Bir qədər sonra bir yekəpər erməni bizə tərəf gəldi. O, bizi görmürdü. Təxminən 10 metr yaxınlaşanda onu vurdum. Yerə yıxılıb qışqırmağa başladı. Qarı əlinə yığıb böyürürdü. Yaxınlaşıb alnından bir güllə də vurduqdan sonra cəhənnəmə yollandı. Sonralar əsirlikdən qayıdan əmimoğlu mənə dedi ki, ermənilər Urben adında yekəpər bir erməni zabitinin üstündə ağlaşırdılar. Zənn edirəm ki, həmin erməni mən vurduğum idi. Onun zabit olduğu məlum idi. Gödəkcəsinin altında hərbi forması görünürdü.
Yenidən hərəkət etməyə başladıq. Başqa bir təpəyə çıxanda üç erməni dığası təxminən 100 metr məsafədən bizi görüb səsləndi. Onlar postda dayanmışdı. Camaatı qıran həmin pulemyotçular idilər. Ermənicə ara huverik, yeqisdıx (kimsiniz, gəlin bura) dedi. Mən isə spasek gamıx (gözləyin, gəlirik) dedim. Əynimdə hərbi geyim var idi. Onlar əvvəl bizim erməni olduğumuzu zənn etdilər. Aydın qorxusundan və yorğunluqdan tərpənmirdi. Həyəcan içində məni vur, özün çıx get deyirdi. Onları öldürmək istəsəm də oğluma görə yolumuzu dəyişdik. Güllələri qurtardığı üçün arxamızca tapança ilə atırdılar. Ancaq aralı olduğumuz üçün güllə gəlib bizə çatmırdı. Dərənin içini girərək özümüzü Şelliyə tərəf çatdırdıq. İki cavan oğlan bizim qabağımıza gəldi. Bizi görəndə onlar ağladılar. Mən ağlayan adam olmasam da, məni də ağlamaq tutdu. Onlardan biri pencəyini çıxardıb Aydının ayaqlarına doladı. Qoçaq cavanlar idi. Avtomatımı onlara verib təpənin arxasında üç erməni quldurunun olduğunu və güllələrinin qurtardığını dedim. Həmin cavanlar dərənin içi ilə təpəyə yaxınlaşdılar. Bir müddətdən sonrta erməniləri öldürüb silah-sursatla geri qayıtdılar.
- Yoldaşınızdan və iki oğlunuzdan necə oldu ayrı düşdünüz?
- Yoldaşım atışma vaxtı ortancıl oğlum Ceyhunu axtarmaq üçün geri qayıdır. Ancaq həmin vaxt Dilarəni güllələyiblər. Anasının vurulduğunu görən Natiq qaçmağa başlayıb. Erməni qaniçənləri Natiqi anasından 60 metr aralıda avtomatla başından vurublar.
- Ailə üzvlərinin meyitlərini tapa bildiniz?
- Rəhmətlik Çingiz Mustafayev soyqırımın nəticəsini kamera ilə çəkərkən mən də orada idim. Meyitlər yığılmasına kömək edirdim. Kadrlara mən də düşmüşəm, üzüm saqqallı idi. Həmin vaxtı yoldaşımın və oğlumun meyitini tapa bilmədik. Sonra döyüş yoldaşlarım Murad, Natiq və başqaları yüzlərlə meyitlə bərabər, Dilarə ilə Natiqin meyitlərini tapıb gətirdilər. Yoldaşımın qızıl dişlərini çıxartmışdılar. Oğlumun da, yoldaşımın da başının dərisini soymuşdular. Şəhidlərimiz Ağdamın Cümə Məscidində yuyulduqdan sonra Şəhidlər Xiyabanında dəfn etdik.
- Bütün ailə üzvlərindən ayrı düşmüş ortancıl oğlunuzun aqibəti necə oldu?
- Ceyhunun 12 yaşı vardı. O, izdiham içində camaatın arxasınca qaçaraq sağ-salamat gəlib çıxa bilmişdi.
Dərdimiz çoxdur, əmioğlu. Xocalı soyqırımında qardaşım Həsənbala, qardaşımın yoldaşı Pərvanə, qayınanam Roza, əmimoğlu Akif şəhid oldular. Vallah ermənilər ruslara arxalanırdılar. Elə indi də onlara sığınıblar. Amma Dəmir yumruqdan başlarını gizləyə bilməyəcəklər...
- Bu il oktyabr ayının 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdamın Şəhidlər Xiyabanına ziyarət edən bir qrup Xocalı sakinlərinin içərisində siz də var idiniz. Viran edilmiş qəbirləri ziyarət edərkən hansı hisləri keçirdiniz?
- Otuz ilə yaxın yurd həsrətilə bərabər, əzizlərimizin qəbirləri üçün həsrət çəkirdik. Şükürlər olsun ki, narahat ruhlara yaxın olduq. Şəhidlərimizin viran edilmiş məzarlarını ziyarət etdiyimiz gün müqəddəs gün idi. Həmin faciəli günlər gözümün qarşısına gəldi. Vətən Müharibəsində Xocalı cəlladlarının da məhv edilməsi mənə bir az təsəlli oldu. Viran edilmiş qəbirlər arasında oğlumun qəbrini asanlıqla tapdım. Sanki oğlumun qoxusu burnuma gəldi...
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər