Cəsur əsgər Samir Abasov Vətən müharibəsinin ilk günündən həmlə qruplarında döyüşlərə qatılıb. O, Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə savaşıb. Samir oktyabrın 13-də Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
“Mənim üç oğlum var. Ortancıl oğlum Samir Vətən müharibəsində şəhid oldu. Samir hərbi xidmətə 2020-ci ilin yanvar ayında yollanmışdı. Cəbhə bölgəsində xidmət edirdi, Goranboyun Tapqaraqoyunlu kəndində. Müharibə başlayanda da döyüşə ilk qoşulanlardan biri idi. Talış, Suqovuşan döyüşlərində fəallıq göstərib. Müharibənin 16-cı günü şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası Adəm Abasov söyləyib.
Samir Abasovun iki qardaşı və bir bacısı var. O, təkcə ailəsinin yox, eləcə də təhsil aldığı məktəbin, yaşadığı kəndin sevimlisi idi. Son döyüşündən əvvəl ailəsi ilə əlaqə saxlayan Samir düşmənin məhv edildiyini, tezliklə bütün torpaqlarımızın azad olunacağını bildirib.
Şəhid anası Bibixanım Abasova deyir ki, Samir tərbiyəli, yerini bilən övlad idi. Mən onunla fəxr edirəm, həmişə də fəxr edəcəyəm. Tez-tez zəng edirdi. Axırıncı dəfə zəng edəndə atasına dedi ki, maşındayıq döyüşə gedirik. Sonra ondan zəng gəlmədi. Bir ana üçün çox ağırdır. Mən fəxr edirəm ki, elə qəhrəman övladın anasıyam. Onunla qürur duyuram. Tək mən yox, bütün Azərbaycan xalqı şəhidlərimizlə qürur duyur. Vətən sağ olsun.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Samir Abasov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə”, "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən uğrunda 19 yaşında şəhadətə ucalan qəhrəman əsgər Samir Abasovun bu gün doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Samir balamız!
Mina RƏŞİD