Sonuncu dəfə oktyabrın 6-da Cəbrayıldan anasıyla danışdı. Dedi ki, buralar çox gözəldi, adam istəyir ölüb bu torpaqlarda qalsın. Sonda da anasından halallıq istəyib. Deyib, müharibədi, bəlkə bayrağa bükülüb qayıtdım. Övladının şəhadətindən sonra atası Çərkəz kişi də oğul həsrətiylə dünyada cəmi 84 gün yaşaya bildi...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, əsgər Bayram Çərkəz oğlu Orucovun doğum günüdür. O, 2001-ci il fevralın 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Bir qardaşı var. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Bayram 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə Vətənə xidmət etmişdi.
Azərbaycan Ordusunun əsgəri Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb.
Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz dogma Göyçay rayonunda böyük izdihm və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nula dolsun, qəhrəman Bayram balamız!
Mina RƏŞİD