Salman indi doğma şəhərə qayıtmaq sevincini hər kəslə bölüşməyə hazırdır. Zarafat deyil, 33 yaşında tərk etdiyi şəhərə bir də 65 yaşlı təqaüdçü kimi dönəcək.
“Murad Rzayev məni “Qarabağ bülbülləri” ansamblına dəvət edəndə 11 yaşım var idi. 1978-ci ilədək həmin ansamblın daimi üzvü olmuşam”, - deyən Salman Qocayev söhbətində ömrünün arxada qalan illərini xatırlayır: “Ansamblın tərkibində Bolqarıstana və Çexiyaya getmişəm, Moskvada beynəlxalq müsabiqənin laureatı olmuşam. Dəfələrlə Kremlin Qurultaylar sarayında çıxış etmişəm. Sonra hərbi xidmətə getdim, qayıdandan sonra məni “Şur“ ansamblına qəbul etdilər”.
O, Ağdamın canlı ensiklopediyalarından biridir, mədəniyyət, musiqi aləmində kimi desən, onunla bağlı xatirəsi var. Ağdamlı günlərindən çox həvəslə danışır. Heç elə bil, bu il iyunun 30-da ölkə pensiyaçılarının sırasına qoşulan o deyil. Qədir Rüstəmov, Arif Babayev, Şahmalı Kürdoğlu, Səxavət Məmmədov, Sədi Məmmədov və Rəmişlə birlikdə çoxlu toylarda olmuşam. Rayonda “Lenin bağı” deyilən yer var idi, el arasında “Manıslar bağı” deyirdilər, hər gün ora iki-üç yüz, bəlkə də, daha çox musiqiçi yığışırdı. Azərbaycanda toy çalmadığım, nağaramın səsinin gəlmədiyi rayon yoxdur. Deyim sizə ki, Ağdam camaatı imkanlı olduğundan musiqiçilər çox vaxt qiymət danışmırdılar. Elə toya dəvət almaq kifayət edirdi, bilirdin ki, çörəyin var. Bircə misal deyim. Yadımdadır ki, Ağdamda adi bir qəssabın həyətində toy çaldıq, o qədər şabaş saldılar ki, dəstənin hər üzvünə o vaxtın pulu ilə 7 min 500 rubl pul düşdü. Toy sovulanda yığışıb getmək istəyəndə bəyin nənəsi nağaranı əlimdən alıb dedi ki, hara aparırsan, qoy qalsın burda, iki gündən sonra yenə məclisimiz var. Hamımız musiqi alətlərini elə orda qoyduq, iki gündən sonra yenə getdik, bu dəfə adama 1600 rubl pul düşdü. Ağdam məclisləri belə idi”...
Elə söhbət əsnasında Ağdama xas bir yumor da danışdı: “O gün gitaraçalan Qəhrəmanı gördüm, şəhərə köçməyim münasibətilə məni təbrik elədi. Dedim, sənə də qismət olsun. Qayıtdı ki, xeyirli olsun. Amma gedəndə nağaranı özünlə aparma. Dedim niyə? Cavab verdi ki, gedib orda tappaturup salacaqsan, ermənilər yenə başlayacaq...”
Qocayevlər ailəsi Ağdamı 1993-cü ilin ağır günlərində tərk edib. Onlar məcburi köçkünlük həyatının hər üzünü görüb. “Allah-taala didərginlik həyatını heç kəsə qismət eləməsin. Demirəm ki, pis yaşamışıq, ac-susuz qalmışıq. Unutqanlıq yaxşı şey deyil, Yaxşı adamlar həmişə qolumuzdan tutub, halımıza yananlar, dərdimizə şərik olanlar, çörəyini bizimlə bölənlər də çox olub. Hamısı sağ olsun. Amma adamın öz evi, öz ocağı başqa şeydir. Heyf deyil öz evin, başının üstündə öz tavanın, ayağının altında öz döşəmən ola. Üzləşdiyimiz erməni işğalı bizi bax bundan məhrum eləmişdi. Nə qədər qayğı, səxavətlə üzləşsək də, yenə də sıxıla-sıxıla yaşayırdıq. Nə qədər ona-buna yük olmaq olar, nə qədər hər şeyə göz yummaq olar?”
O, söhbətinə davam edir: “Bizə qapı açan, qayğı göstərən, əl tutan səxavətli və xeyirxah adamların hamısına təşəkkür edirəm. Artıq bizim də öz evimiz-eşiyimiz, ən başlıcası doğma torpağımız, ata yurdumuz var. İndi də siz bizə gəlin. Gəlin yerimizi-yurdumuzu görün, qapımızı açın, süfrəmizdə çörək kəsin. İndi üz tutduğumuz şəhər, yaşayacağımzı evlər hamınızın üzünə açıqdır. Gözümüz həmişə qapıda olacaq. Gəlin, ev-eşiyimizi görün, günümüz-güzəranımızla tanış olun, ocağımızın istisinə qızının. O xeyirxahlığı, o yaxşılığı ki, buradakı soydaşlarımızdan görmüşük, ondan on qat artığını etməyə hazırıq. Bizim camaat qonaqpərvərdir. Gəlin Qarabağın təmiz havasını udun, suyundan için, gözəlliklərini seyr edin.
Bizi yerimizə-yurdumuza qaytardığına görə Müzəffər Ali Baş Komandan başda olmaqla bütün ordu komandanlığına, zabit və əsgər heyətinə, beş il əvvəl əlinə silah götürən hər kəsə minnətdarlıq edirik. Torpağımız uğrunda qan tökən hər əsgərin xatirəsi əzizdən-əziz və müqəddəsdir. Onların şirin candan keçərək etdikləri möhtəşəm fədakarlıq, hünər və qəhrəmanlıq tarixboyu unudulmayacaq. Qarabağ torpağına qədəm basan hər kəs özünü onlara borclu bilməlidir”.
Salman Qocayev nağara ifaçısı kimi öz peşəsini gənclərə, yeniyetmələrə də öyrədib. O, uzun illər Qurban Pirimov adına Ağdam şəhər 2 nömrəli musiqi məktəbində dərs deyib. Çoxlu yetirmələri var. Dəfələrlə fəxri fərmanlara layiq görülüb.
İndi keçmiş məcburi köçkün öz ailə üzvləri ilə yır-yığış edib evə dönməyə hazırlaşır. Doğma yurda tələsən ailə üzvlərinin sayı da artıb. Həyat yoldaşı Gülbusədən başqa oğlu Müşfiq və gəlini, nəvələri Raul və Emil də onlarla bir mənzildə yaşayacaq. Ona görə də ona dörd otaq veriblər. Bu münasibətlə ona xeyir-dua və gözaydınlığı verdik: Xeyirli olsun! Yeni mənzildən həmişə xoş sorağınız gəlsin. Toy-büsatlı günlər görəsiniz! Həmişə nağaranın səsi eşidilsin, Salman! (AZƏRTAC)