Bu barədə "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O qeyd edib ki, bu, beynəlxalq hüququn bir neçə sənədinin tələblərinə zidd olan hadisədir.
"Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın minaların, mina-tələlərin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna ziddir. Bundan əlavə, 2018-ci ildə qəbul edilən heyvanların hüquqları və sağlamlıqlarının qorunması dair BMT konvensiyasına birbaşa zidd olan hərəkətdir.
Bu hadisəni törədənlər qınanmalıdır. Hadisə ilə bağlı əməkdaşlıq etdiyimiz bütün təşkilatlara məlumatlar göndərdik. Bildirdik ki, qeyri-qanuni erməni silahlı dəstələri beynəlxalq hüququnun heç bir sənədini tanmır və mümkün olan, ağlagəlməz üsullardan istifadə etməklə Azərbaycan tərəfinə ziyan vermək niyyətindədir.
Bu, həm də mənə 2011-ci ildə baş verən hadisəni xatırladır. O zaman Tovuz rayon Əlibəyli kəndində uşaqlar çay qırağında oynayarkən bir uşaq oyuncaq tapırlar və evə gətirib oynayan zaman partlayış baş verir. 13 yaşlı qız uşağı həlak olur, anası ağır yaralanır. Həmin oyuncaq ermənilər tərəfindən Tovuzçayı vasitəsilə axıdılıb. Bu, onu göstərir ki, düşmənimiz çox məkirlidir, mina və mina-tələlərdən geniş istifadə edir. Ona görə insanlarımız daha ayıq-sayıq olmalıdırlar", - deyə H.Səfixanov əlavə edib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldəqayırma partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. (Trend)