23.11.2024, 00:41
AZ EN
16.02.2024, 16:39 174

“Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmi təqdim edilib

XƏBƏRLƏR
  • “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qərbi Azərbaycan Türklərindən və onların yurd həsrətindən bəhs edən “Türkiyədə Qərbi Azərbaycan izləri” sənədli filmin təqdimat mərasimi keçirilib.

Xalq Qəzeti Yenicag.az-a istinadən xəbər verir ki, “World Business Center”də baş tutan təqdimat mərasimində millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan himni səsləndirilib, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natavan Abbaslı ekran işinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Birlik sədri filmdən bəhs edib:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə gerçəkləşən Qarabağ Zəfəri hər birimizin içindəki Qərbi Azərbaycan atəşini yenidən alovlandırdı. Bizim yenidən Rəvandan Zəngəzura qədər o torpaqlara qayıda biləcəyimiz ümidini oyandırdı ki, bunun xəyalı belə gözəldir. Və biz artıq o xəyalın gerçək olacağına inanırıq. Filmimiz də bu həsrətdən bəhs edir”.

Layihə rəhbəri Aqil Ələsgər filmlə bağlı fikirlərini bölüşüb:

“Cənab Prezident, Müzəffər Ali Baş Komandanın 30 illik Qarabağ həsrətinə son verməsi Azərbaycan xalqının qələbə ruhunu özünə qaytardı. Bu zəfər bizim üçün digər zəfərlərin də mündəricatı sayıla bilər.  Hesab edirik ki, öz dədə-baba torpaqlarımızda qədim Azərbaycan torpaqlarını birləşdirmək, o torpaqlara qayıtmaq bizim ən təbii haqqımızdır. Bu baxımdan İrəvan, Göyçə, Zəngəzur bizim üçün bir xəyal deyil, bir hədəfdir. Hesab edirik ki, filmdə bu yurd həsrəti ilə dünyasını dəyişən, harada olmalarından asılı olmayaraq məzarları qədim Qərbi Azərbaycan torpaqlarına tərəf basdırılan insanların həyatından bəhs edir. Bu filmdə Türkiyədə yaşayan, orada Cümhuriyyətin qurulmasında və inkişafında xidmətləri olan Azərbaycanlılarla bağlı məlumatlara yer vermişik. Onların cəmiyyətdə tanınması üçün bu işi həyata keçirmişik… Çünki bu insanlar həm Qurtuluş savaşında qəhrəmanlıq göstərən, həm də cümhuriyyətin təməllərini Mustafa Kamalla birgə atan insanlardır”.

Daha sonra film nümayiş olunub. Nümayişdən sonra ekran işi barədə fikirlər səsləndirilib.

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqarlı filmin əhəmiyyətini yüksək dəyərləndirib: “Bir filmin ərsəyə gətirilməsi çox böyük əziyyət tələb edir. Biz 30 il ərzində necə ki, hər birimiz Qarabağlı olduq, indi də hər birimiz Qərbi Azərbaycanlıyıq”.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər