Əslən Qubadlı rayonunun Sarıyataq kəndindən olan Məhərrəmov Ülvü Tahir oğlu 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olmuşdur. 2003-cü ildə Qubadlı rayonunun Mahruzlu kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək Ç.Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuşdur. Burda təhsilini bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyasına qəbul olan Ülvü 2019-cu ildə akademiyanı bitirərək leytenant rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin sentyabrında isə bölük komandiri kimi fəaliyyət göstərirdi. Vətən müharibəsinin əvvəlində döyüşlərə qatılan Ülvü Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə ön sırada olmuşdur.
Arzusu Birinci Qarabağ müharibəsində şəhid olmuş əmisi Bayram Məhərrəmovun qisasını almaq və ata yurdu Sarıyatağı görmək idi. Ata yurduna gedə bilməsə də əmisinin qisasını düşmənə ağır itkilər verərək aldı. Oktyabrın 14-də Xocavənd, Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Məndən soruşsalar elin haralı,
Verərəm cavabı sinəm yaralı,
Didərgin baxışlı, başı bəlalı,
Şahinlər məskəni elim, Qubadlı!..
Hələ kiçik yaşlarında bir məclisdə şeir söyləyib, qürurla “mən Qubadlı balasıyam” deyən həqiqətən də ərənlər oylağı, qəhrəmanları ilə dillərdə dastan olan Qubadlının balası olduğunu igidliyi ilə sübut etdi...
Arzularını özü ilə əbədi dünyaya daşıyan Ülvü balamız ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilib. Subay idi.
Tahirə AĞAMİRZƏ