Vətən müharibəsinin qəhrəmanı, baş kəşfiyyatçı, şəhid Bəhrəm Nazim oğlu İlyasov 1998-ci il noyabrın 30-da Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. Atası Nizam İlyasov Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Bəhrəmin uşaqlıqdan hərb sənətinə böyük marağı olub. Həm atası, həm də qardaşı hərbçi olduğundan onda da bu həvəs böyük idi. Bəhrəm hərbi xidmətə çağırılanda xəstə imiş. Amma bu şad xəbərə o qədər sevinib ki, sanki bir anda bütün ağrı-acısı yoxa çıxıb. 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Ağdamda kəşfiyyat bölüyündə keçirib və fəxri-fərmanlarla başa vurub. Bundan sonra yenidən bu sahəyə qayıtmaq istəyib. Ancaq o biri qardaşı da hərbçi olduğundan ailədə əvvəlcə buna razı olmayıblar. General- mayor Polad Həşimovun Tovuz döyüşlərində şəhid olması bütün vətənpərvər gənclər kimi Bəhrəmə də çox təsir edib. Elə bununla da o könüllü olaraq orduya yazılıb. Müharibənin başlamasını gözləməyə səbri çatmayan Bəhrəm 2020-ci ilin avqust ayından müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb. Kəşfiyyatçı kimi xüsusi kurs keçib.
Baş kəşfiyyatçı Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində mərdliklə savaşıb. O öz bölmələri ilə birgə 21 postu düşməndən azad etdikdən sonra oktyabrın 4-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Bərdə rayonunda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimizin atası deyir ki, mənim iki oğlum da daxil olmaqla Azərbaycan ordusu tarixdə görünməmiş bir iz qoydular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlii ilə nəhayət ki, torpaqlarımız 30 ilə yaxın bir zaman kəsiyindən sonra özümüzə qaytarıldı. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizi Allah qorusun.
Bu gün qəhrəman şəhidimiz, baş kəşfiyyatçı Bəhrəm İlyasovun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Bəhrəm balamız!
Mina RƏŞİD