25.04.2025, 02:52
AZ EN
01.12.2022, 15:50 500

Ədalət Verdiyev: Laçında hərbi infrastrukturun qurulması istiqamətində ciddi addımlar atılır

XƏBƏRLƏR
  • Vətən müharibəsində kapitulyasiya aktına imza atan Ermənistan Laçın rayonunu 2020-ci il dekabrın 1-də tamamilə tərk etmək məcburiyyətində qaldı. Digər iki rayonumuz olan Ağdam və Kəlbəcərlə yanaşı, kifayət qədər mürəkkəb coğrafi relyefə malik Laçın rayonunun Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanın Qarabağla uzun illər boyu davam edən maneəsiz əlaqəsinə son qoydu.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanla davam edən 26 illik danışıqlar prosesində rəsmi İrəvan Kəlbəcər və Laçını müzakirələr mövzusundan daim kənarda saxlamağa çalışırdı. Çünki birinci dəhliz Laçından, sonradan çəkilən Basarkeçər-Kəlbəcər-Ağdərə yolu isə Kəlbəcərdən keçirdi. Buna görə də düşmən tərəf bu ərazilərin müzakirəsindən mümkün qədər yayınmağa çalışırdı. Çünki çox yaxşı anlayırdı ki, Laçının Azərbaycanın nəzarətinə keçməsi Ermənistanın Qarabağla olan bağlarının qopmasına səbəb olacaq.

Ə.Verdiyev xatırladıb ki, Ermənistan ən çox məskunlaşdırmanı da Laçın ərazisində planlaşdırırdı. Çünki bu ərazidə erməni əhalinin sayını artırmaqla oranı özününküləşdirmək niyyətləri mövcud idi. Lakin Azərbaycan Ordusunun qəhrəman şəxsi heyəti bütün bu planları tamamilə pozdu. Əvəzində isə Azərbaycan artıq bu ilin avqustundan Laçın şəhərində yenidənqurma və bərpa işlərinə başladı. Həmin ərazilərdə kifayət qədər ciddi potensiala malik hərbi birlik və hissələr artıq yerləşdirilib. Hərbi infrastrukturun qurulması istiqamətində ciddi addımlar atılır və bu proseslər indi də aktiv fazadadır.

“Laçın və digər iki rayonun atəş açılmadan, itki vermədən imzalanmış birgə bəyanatın şərtlərinə əsasən Azərbaycana qaytarılması bir daha onu göstərir ki, Vətən müharibəsində Ermənistan acı məğlubiyyətini qəbul edib. İmzaladığı birgə bəyanat da məhz kapitulyasiya aktıdır. Çünki heç bir ordu, xüsusilə də 30 il bir qarış olsun torpağımızı boşaltmaq istiqamətində addım atmayan Ermənistanın çox böyük ərazilərə malik Kəlbəcər və Laçın rayonlarını, o cümlədən Ağdam rayonunu boşaltması onu göstərir ki, Ermənistan Vətən müharibəsində darmadağın edildi. Laçın rayonunun Azərbaycana qayıtması Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbələrindən biridir”, - deyə ekspert vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər