09.06.2025, 18:03
AZ EN
02.02.2024, 18:40 290

Qazi: 44 gün ərzində Azərbaycan gəncliyi öz gücünü, vətənpərvərliyini və cəsarətini bütün dünyaya nümayiş etdirdi

XƏBƏRLƏR
  • Vətən müharibəsi dövründə Ali Baş Komandanın qətiyyətli çıxışları, öz döyüşçülərinə inamını qürurla ifadə etməsi, arxa cəbhədə xalqımızın dəstəyi bizə döyüş meydanında güc verirdi. Bir gənc olaraq çox sevinirəm ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak edə bilmişəm. Bu gün gənclər öz bayramlarını böyük fəxarət hissi ilə bütöv Azərbaycanda qeyd edirlər.

Bunu Vətən müharibəsi qazisi Elnur Qasımov deyib.

Müharibənin ilk günlərindən könüllü olaraq haqq savaşımıza qoşulan E.Qasımovun döyüş yolu Tərtər rayonunun Talış kəndindən başlayıb. O, rayonun Suqovuşan qəsəbəsi və Ağdərə rayonu istiqamətlərində aparılan hərbi əməliyyatlarda da fəal iştirak edib. Şuşanın düşməndən təmizlənməsi uğrunda döyüşmək istəyən Elnurun bu arzusunu oktyabrın 6-da Ağdərə rayonunun Ağqaya adlanan ərazisində yaxınlığına düşən top mərmisi ürəyində qoyub. Sol ayağından ağır yaralanan Elnur döyüşləri dayandırmaq məcburiyyətində qalıb.

“Yaralarımdan daha çox savaş meydanından kənarda qalmaq məni incidirdi. Çünki həmin ana qədər neçə dəfə ölümlə göz-gözə gəlsəm də, möcüzə nəticəsində sağ qalmışam. Xəstəxana divarları arasında ağrılarımı səngidən yalnız Ordumuzun Qələbə xəbərləri idi. Lakin silahdaşlarımın yanında ola bilməmək mənə ağır gəlirdi. Müharibə başlayanda əmin idim ki, Qələbə bizim olacaq. Lakin 30 illik işğalın 44 günə sonlandırılması hər kəs üçün möcüzə oldu. Lakin həmin möcüzəni reallığa çevirə bildik. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənə göz açmağa aman vermirdi. Heç bir itki, aclıq, susuzluq, yorğunluq bizi dayandırmırdı. Nə olur-olsun bir addım belə geri çəkilmir, hər qarış uğrunda gözümüzü qırpmadan irəli atılırdıq. 44 gün ərzində Azərbaycan gəncliyi öz gücünü, vətənpərvərliyini, cəsarətini, döyüş bacarığını və nələrə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Özlərinə “qəhrəman çələngi” taxmış Ermənistan ordusunun dizi qısa müddətdə yerə gətirildi. Şanlı Zəfərin səsi dünyanın dörd bir yanından duyuldu, Ordumuzun döyüş taktikası diqqət mərkəzinə çevrildi. Vətən müharibəsində düşmənin “təməl daşları” elə dağıdılmışdı ki, ötən il Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməsi üçün Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri 24 saat tamam olmamış xeyrimizə tamamlandı. Uğrunda döyüşdüyüm və yaralandığım Ağdərədə üçrəngli Bayrağımızın yüksəldiyini görmək tamam başqa hiss idi. Şanlı Zəfərin bir parçası və qalib Azərbaycan gənci olmaqdan qürur duyuram”, - deyə E.Qasımov bildirib.

Qeyd edək ki, qazi Elnur Qasımov “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. (AZƏRTAC)

Oxşar xəbərlər