02.12.2025, 10:36
AZ EN
02.12.2025, 09:20 28

Hər şey yaxşı olacaq...

XƏBƏRLƏR
  • Uşaqlıqdan onda bir döyüş ruhu vardı. Elşən hələ 6 yaşı olanda “Mən Remboyam”, deyib özünü hündürlükdən 4 metr aşağı atmışdı. Sən demə, illər sonra deyəcəkdilər ki, Elşənin başındakı aypara şəklində qalan tikiş izləri heç də təsadüfi deyilmiş... Onun üzü həmişə gülüşdən sanki işıq saçırdı və hər zaman “Hər şey yaxşı olacaq!” deyirdi. Elşənin arzusu Qarabağı azad görmək, vuruşmaq, düşməndən intiqamımızı almaq idi. Onun hərbi maşında “Şofer, sür Qarabağa, səngərdə qardaşlarımız təkdi!” sözləri dillər əzbəri olmuşdu. Elşən Aprel döyüşlərində iştirak etmişdi. İkinci Vətən Müharibəsinə də könüllü, gülə-gülə yollandı. Müharibədə sonadək vuruşdu və odun-alovun içindən sağ çıxdı. Bayrağımızı Zəngilanda ən uca zirvəyə qaldıran Elşən müharibədən sonra hərbçi kimi Vətənə xidmət edərkən minaya düşərək şəhadətə ucaldı. Elşən istəyirdi ki, adı dillərə düşsün, qəhrəman olsun, o öz arzusuna çatdı və bir əfsanə kimi tarixə adını yazmağı bacardı...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elşən Bayram oğlu Səmədlinin anım günüdür. O, 19 fevral 1993-cü ildə Şərur rayonunun Yurdçu kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Elşən 2011-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurub.

Ordumuzun əsgəri Elşən Səmədli 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Elşən Səmədli könüllü olaraq döyüşlərə qatılıb. O,  42 gün Füzuli, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.

Vətən Müharibəsi bitdikdən sonra qazi Elşən Səmədli Qubadlıda Vətənə xidmətini davam etdirməyə başlayıb. Vətənin igid oğlu 1 dekabr 2020-ci ildə hərbi xidməti zamanı minaya düşərək şəhadətə ucalıb.

Qəhrəman şəhidimiz Elşən Səmədli 2 dekabr 2020-ci ildə böyük izdiham və ehtiramla Suraxanı rayonunda torpağa tapşırılıb.

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Səmədli ​ölümündən sonra “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər