Bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
Azərbaycanın inkişaf strategiyasında – “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində prioritet istiqamətlərin müəyyənləşdirildiyini deyən nazirin müşaviri fikirlərinə belə davam edib: “Həmin sənəddə 5 prioritetdən biri məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi adlanır. Artıq uzun illərdir ki, Azərbaycanda həmin istiqamətdə işlər görülür. Bütün bu işlərin təməlində sözsüz ki, dövlətimizin başçısının apardığı islahatlar, ölkəmizin hərtərəfli inkişafı durur. Biz 2024-cü il ərzində ekoloji məsələlərə daha böyük diqqət yetirməli, ekoloji vəziyyətin sağlamlaşdırılması, iqlim dəyişmələri ilə mübarizə sahəsində daha ciddi addımlar atmalıyıq. Bu gün ekoloji problemlərin həlli vacib məsələlərdən biridir. Dünya qarşısında həllini gözləyən əsas ekoloji problemlərdən biri də iqlim dəyişmələri problemidir. Azərbaycanda həmin problemin həll olması, o cümlədən istixana effekti yaradan qaz tullantılarının azaldılması üçün müəyyən hədəflər müəyyənləşdirilib, müəyyən öhdəliklər götürülüb. Həmin hədəflərə çatmaq üçün tədbirlər görülür - alternativ enerji mənbələrindən istifadənin, müasir, ətraf mühitə dost texnologiyaların tətbiqinin genişləndirilməsi, enerji səmərəliyinin təmin olunması, istixana effekti yaradan qaz tullantılarının azaldılması, təbii sərvətlərin idarə olunmasının təkmilləşdirilməsi və s. Görülən işlərin effektivliyi, həyata keçirilən tədbirlərin dünya səviyyəsində tanınması və qəbul olunması nəticəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının sessiyası - COP29 bu il Bakıda keçiriləcək. Yekdil olaraq dünya ölkələri tərəfindən BMT çərçivəsində ən mötəbər tədbirlərdən biri olan COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunması ölkə rəhbərinin də siyasi iradəsinin göstəricisidir. Belə böyük tədbirin yüksək səviyyədə keçirilməsi asan olmasa da, bunun üçün potensialımız, imkanlarımız və təcrübəmiz mövcuddur. Əsas məsələ də ondan ibarətdir ki, Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü iradəsi var”.
R.Səttarzadənin sözlərinə görə, nəinki bu il, bundan sonrakı illərdə də ətraf mühitin mühafizəsinə yönələn ən ciddi addımlar atılacaq: “Şübhəsiz ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda ölkəmizdə ekoloji vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasının şahidi olacağıq. Ekoloji durumun yaxşılaşmasına yönəlmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakı təmin olunur. Düşünürəm ki, öz bacarıq və təcrübələrini əsirgəmədən bu mövzuya aidiyyəti olan hər bir kəs, hər bir qurum Azərbaycanda müasir ekoloji standartlara cavab verən yaşamın təmin olunması, o cümlədən bu il ölkəmizdə COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək”. (AZERTAC)