25.06.2025, 11:54
AZ EN
19.12.2023, 14:00 358

Sizin atanız qəhrəmandır

XƏBƏRLƏR
  • Anar Cəfərov 1977-ci il dekabrın 19-da Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü işləyib. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub.

Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi davam etdirib. Xüsusi hərbi kurs keçərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2017-ci ildən Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Anar Cəfərov 2020-ci il oktyabrın 3-də Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ağcabədi Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Həyat yoldaşı Xudiyeva Samirə Camal qızı deyir ki, biz Anarla qan qohumuyuq: "Biz ailə quran vaxtlarda mən yoldaşımı tam tanımırdım. Çünki o Rusiyada yaşayırdı. 2008-ci il dekabrın 1-də ailə qurduq. İki il atasıgillə birgə yaşadıq. Daha sonra öz evmizə köçdük. Çox xoşbəxt ailə idik. İkimiz də işləyirdik, iki oğul övladımız var. Çox gözəl günlərimiz vardı. Anarın atası xəstə olan vaxtı yoldaşım ona özü xidmət edirdi, çox qayğı göstərirdi. O, ailəsinə bağlı idi, canıyanan övlad idi.
Kiçik oğlumuz Eyvaz dünyaya gələndə apardı atasının yanına ki, ata,  adını sən qoy. Atası danışa bilmirdi, sinəsinə vurdu ki, yəni, mənim adımı qoyun…”

Həyat yoldaşı onu da deyir ki, 2020-ci ildə müharibədən əvvəl sentyabrın 21-26-dan Anargil təlimlər keçirdi. Sentyabrın 25-i idi, getməmişdən bir gün əvvəl mənə dedi ki, Samirə, gəl həyət-bacanı təmizləyək. Sentyabrın 26-da saat 4-də Anar evdən ayrıldı. O, ilk dəfə bizimlə həmişəki kimi görüşmədi…

“Hər gün telefonla danışırdıq. Son danışığımız oktyabrın 2-də saat 11 radələrində oldu. Deyirdi ki, hər şey yaxşıdır. Qələbə bizimdir, narahat olma. Deyirdi, ay Samirə, bizim şəhid olanlardan nəyimiz artıqdır ki? O, Vətənə, millətə çox bağlı idi. Son danışığımız zamanı dedi uşaqlarımızı sənə tapşırıram, səni də Allaha. Mən bilirəm ki, sən güclü qadınsan, sən öhdəsindən gələ bilərsən! Hələlik, nəsib olsa, görüşərik... Oktyabrın 3-də onun zəngini gözləyirdim, xəbər yox idi. Anarın əmisi gəlini Günelə dedim ki, çox güman Anar şəhid oldu, mənə zəng eləmədi... Həmin vaxtı hava da sanki dolmuşdu, çiskin idi. Sanki ürəyimə danmışdı…
Anarın qardaşı İftixar mənə zəng etdi ki, bacı, evdəsən? Dedim ki, nə olub? Mənə dedi ki, heç nə olmayıb qayıdıram sizə, işim var. Ondan sonra elə qışqırdım ki, qonum - qonşu bizə gəldi. Dedim, Günel, sənə dedim ki, bu gün Anarın şəhid xəbəri gələcək. Anarı Ağcabədi xəstaxanasına yeləşdirmişdilər. 4-ü günü səhər saat 10-da gətircəkdilər. Uşaqlar qapıbir əmsigildə idilər. Əmisi qızları apardılar ki, səs-küydən qorxmasınlar. Mən getdim balalarımı gətirdim, dedim ki, sizin atanız qəhrəmandır, atanız şəhid olub. Xocalıda öldürülən sizin boyda uşaqların intiqamını illər keçsə də, bu gün alıb. Ağlamayın, sizin atanız qəhrəmandır, o əbədi yaşayır, ölməyib!”
Vətən Müharibəsinin şəhidi, qəhrəman Anar Cəfərovun yaşadığı küçəyə və Ağcabədi rayonunda 6 nömrəli orta məktəbə onun adı verilib. Ağcabədi rayonundakı bir sıra orta məktəblərdə sinif otaqları da müqədddəs şəhidimizin adını daşıyır.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər