Ömrünün 36-cı ilində halal torpağı uğrunda şəhidlik zirvəsinə ucalan, böyük bir xalqın qürur yerinə çevrilən qəhrəman Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdu. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil almış, orta məktəbi bitirəndən sonra ordu sıralarına yola düşmüşdür. O, 2004-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq xidmətə başlayıb. Əsas amalı da Vətənin şərəfini uca tutmaq, Azərbaycanın əzəli torpaqlarını, Qarabağı azad etmək idi. 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu zərbələr Mirzənin necə hünərli və vətənpərvər olduğunu yaddaşlara yazmışdı. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 44 gün davam edən, şanlı zəfərimizlə başa çatan Vətən Müharibəsində də ürəyindən keçən qisasını erməni cəlladlardan alır. Müharibə başlayan andan kamil bir hərbçi kimi döyüşə atılır. Vətən müharibəsi zamanı Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Mirzə 30 ilə yaxın düşmən tapdağına qalan ulu yurd yerimiz Qarabağın bir çox yüksəkliklər və yaşayış məntəqələrin alınmasında fəal iştirak edib.
Baş-gizir Mirzə Axundov 2020-ci il oktyabın 3-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qəhrəmanımız Xəzər rayonunun Türkan qəsəbəsində böyük ehtiram və izdihamla dəfn olunub.
Mirzə Musa oğlu Axundov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ