17.06.2025, 19:43
AZ EN
19.07.2022, 15:05 409

Əfsanəyə çevrilən qaziyə film həsr edilib

XƏBƏRLƏR
  • “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi bu günlərdə 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən igid oğullarımızdan birinə - qazi Sahil Rauf oğlu Həsənliyə həsr olunmuş sənədli filmi ictimaiyyətə təqdim edib. “Salam, Sahil” adlı sənədli filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, prodüseri Fatimə Əzimova, operatoru Adil Abbasovdur.

...Sahil İkinci Vətən Müharibəsinin başlanması xəbərinə çox sevinib. Çünki bu bizim haqq savaşımız idi. “Əslində biz dünyaya dava-dalaş üçün gəlməmişik, amma torpaqlarımızı düşməndən xilas etməliydik...” söyləyir, filmin qəhrəmanı. Atası, əmisi, doğmaları Birinci Vətən Müharibəsinin iştirakçısı olan Sahil uşaqlıqdan Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə böyüyüb. Odur ki, müharibə xəbərini eşidən kimi cəbhəyə getmək üçün müraciət edib. Onun ailə vəziyyətini, yəni iki övladı olduğu və bir övladının da tezliklə dünyaya gələcəyini öyrənəndə Sahili geri qaytarıblar. Ancaq o, heç cür sakitləşə bilmirdi. Bir neçə dəfə müraciətdən sonra nəhayət ki, o, öz arzusuna çatıb. Haqq savaşına könüllü gedib, kəşfiyyat qrupunda döyüşüb. Ölümdən qorxmayan bu cəsur oğul döyüşlərin birində  düşmən üstünə hücum zamanı sağ qolundan və böyründən yaralanıb. Sağ qolunu özündən kənarda görən, böyründəki ağır yaradan həm də şok vəziyyətinə düşüb. Dəhşətli ağrıdan özünü öldürmək istəyəndə döyüş yoldaşları buna imkan verməyib. Sahil xəstəxanaya yerləşdirilib, qolu amputasiya olunub. Bir qədər müalicədən sonra özünə gəlib, ancaq özünü düşünməyib, yenidən cəbhəyə getmək istəyib. Təbii ki, həkimlər bu vəziyyətdə ona icazə verə bilməzdilər. Ancaq inadından əl çəkməyən Sahil iki dəfə xəstəxanadan qaçmağa cəhd etsə də, həkimlərin səyi ilə bunun qarşısı alınıb...

...Onda Sahil xəstəxanada müalicə olunurdu, birdən Zəfər sevincli səslərə pəncərədən boylandı. İlahi, bu nə gözəl xəbərdi, deyə, sol əli ilə meydandakıları salamlayıb, həmvətənlərinin Zəfər sevincinə qoşuldu. Elə bu möhtəşəm salamla da əfsanəyə dönüb, həyatı filmə çevrildi...

“Salam, Sahil” filmini göz yaşları ilə qürurla izləyir tamaşaçı. Sevinir ki, nə yaxşı Sahil kimi oğullarımız var. Vətən məhz belə oğulları ilə qüdrətlənir.

Mina RƏŞİD

Oxşar xəbərlər