Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yat edilib.
Nəşrin layihə rəhbəri və müəllifi, yazar Ruhəngiz Əliyeva məlumat verib ki, “Zəngəzur Azərbaycanın qədim torpağıdır” kitabı müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf edilib. “O, həmçinin bildirib: “Kitab Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə ingilis dilində çap olunub. Ulu Öndər Heydər Əliyev ziyalılara xitabən deyib: “Bundan sonra elə kitablar yaranmalıdır ki, o kitablar Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”. Bu tələbin yerinə yetirilməsini mənəvi borc hesab edərək, Vətənimiz və dövlətimiz qarşısında ziyalı borcumu zərrə qədər də olsa yerinə yetirmək üçün bu kitabı hazırlamışam. Nəşri Azərbaycan, eyni zamanda, dünya gəncliyinə təqdim edirik”, - deyə müəllif vurğulayıb.
O diqqətə çatdırıb ki, müxtəlif sahələrdə fəaliyyət göstərən alim, hakim, yazar, həkimlərimizin Zəngəzur haqqında xatirələri, fikirləri, elmi faktlarla, poetik düşüncələrlə, müxtəlif janr və məzmunlu yaradıcılıq nümunələri ilə qələmə alınıb, ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, deputat Etibar Əliyev, ziyalılar, yazarlar və ictimaiyyət nümayəndələri kitabın ingilis dilində nəşr olunmasının əhəmiyyətindən, xarici ölkələrdə təbliğinin vacibliyindən danışıblar. Qərbi Azərbaycan məsələsinin ziyalılarımız qarşısında duran əsas vəzifələrdən biri olduğunun, bu istiqamətdə araşdırmalar aparılmasının, kitablar yazılmasının önəmi vurğulanıb.
Sonda Zəngəzura həsr olunmuş mahnı səsləndirilib. (AZƏRTAC)