"Vətən səsi" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Baku ws"ə açıqlamasında bildirib. Deputat qeyd edib ki, gələn ilin dövlət büdcəsində sosial müavinətlərin artırılması üçün ümumilikdə 17,1 milyard manat vəsait ayrılacaq. Bu məbləğ büdcə xərclərinin 41 faizindən çoxunu təşkil edir.
Vüqar Bayramov əlavə edib ki, qanunla müəyyənləşən artımlar Milli Məclisin və ya qanunverici orqanın səlahiyyətindədir: "Qanunverici orqan qanunu dəyişir və ya onun qəbul edilməsi ilə məşğuldur. Pensiya kapitalının indeksləşdirilərək artırılması "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir. Yəni, bunlar qanunla tənzimlənən və qanunun tələbinə uyğun olaraq həyata keçirilən artımlardır. Ehtiyac meyarı, o cümlədən yaşayış minimumu da qanunla tənzimlənir. "Veteran pulu" da daxil olmaqla, digər müavinətlərki artımlarla bağlı təkliflər var. Milli Məclisə təqdim edilən təkliflərdən biri ondan ibarətdir ki, bu məbləğin kommunal, nəqliyyat və digər xərclərdəki artıma bağlanılması daha məqsədəuyğun olardı. Bu məbləğ müəyyənləşəndən sonra məhz həmin kommunal xidmətlər, nəqliyyat və digər istiqamətlərdə artım faizi nə qədər olubsa, ona uyğun indeksləşdirmək olar".
Millət vəkili bildirib ki, gələcəkdə həmin istiqamətdə artımlar olursa, artıq ilin sonunda indeksləşdirilib və pensiyalarda olduğu kimi məhz "veteran pulu" və ya digər uyğun müavinətlərin artırılması həyata keçirilə bilər.
Xatırladaq ki, hazırda Qarabağ müharibəsi iştirakçılarına ödənilən "veteran pulu"nun aylıq məbləği 80 manatdır.
Elxan SALAHOV