13.09.2025, 07:05
AZ EN
24.05.2023, 09:00 410

Hər gün oğlumun şəkilləri ilə danışıram...

XƏBƏRLƏR
  • Bu gün anasının dərd ortağı, Vətənin qəhrəman oğlu, İkinci Qarabağ Müharibəsinin şəhidi, kiçik çavuş Ülvi Şahin oğlu Qulamlının doğum günüdür. O, 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2001-2012-ci illərdə Mingəçevir şəhərində 13 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2018-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə kiçik çavuş rütbəsində müddətdən artıq xidmət edib. 

Azərbaycan Ordusunun kiçik çavuşu Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılaraq mərdliklə savaşıb. Suqovuşan, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 19-da Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Ülvi Qulamlı ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda", "İgidliyə görə, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.

Şəhidin anası İradə Qulamlı övladı haqqında qürurla danışır. İki oğlunu çətinliklərlə böyüdən ana deyir: ”Uşaqların atasını tez itirdik. Yoldaşım fotoqraf idi. Şəhərdə onu “Fotoqraf Şahin” kimi tanıyırdılar. O rəhmətə gedəndən sonra iki oğlumla tək-tənha qaldıq. Amma şükürlər olsun, uşaqlar böyüdü. Dedim Ülvi, Yaşasın kimi oğullarım var, hamıdan yaxşı dolanırıq. Uşaqlar  gözəl xasiyyətə malik, sakit təbiətli olublar. Ülviyə tanışların, qonşuların  münasibəti məni həmişə qürurlandırırdı. Övladlarıma tək baxıb böyütdüm. Ülvi hərbi xidmətini başa vurduqdan sonra şəhərimizdəki avtovağzalda işə düzəldi. Əməkhaqqı az olduğuna görə bir müddətdən sonra oradan ayrıldı. Sonra MAXE kimi orduya yazıldı. 2 il idi ki, N saylı hərbi hissədə qulluq edirdi. Müharibə başlayanda səfərbərliklə ikinci oğlumu da müharibəyə apardılar. Çox narahat olurdum övladlarım üçün. Ülvi tez-tez zəng edirdi. Çox ürəkli danışırdı. Hərdən özüm-özümə deyirdim ki, sakit təbiətli Ülvi nə yaman şir ürəkli olub. Mən də ürəklənirdim ki, oğlum belə mərddi. Uşaqlıqdan ibadətlə də məşğul olurdu. Çalışırdı ki, gənc ömrü ilə ailənin bütün qayğılarını öz üzərinə çəksin. Oğlum həm də vətən sevdalısı idi. Həmişə deyərdi ki, bircə torpaqlarımızın azad olunduğu günü görə biləydik. 26 yaşlı gənc, nə yaşamışdı ki? Bu körpə yaşında, bu körpə vaxtında namusumuzu, izzətimizi, şərəf və heysiyətimizi qorumaq üçün canından belə keçməyə hazır idi. Hərdən mənə deyərdi ki, ana, evlənmək üçün qızı sən seçərsən, abırlı ismətli olsun. Çox arzuları vardı Ülvimin. Onun da qismətinə şəhidlik yazıldı. Suqovuşan, Talış, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Hər gün şəkillərinin qarşısında durub onunla söhbət edirəm. Heç oğlum Yaşasın da mənə təsəlli verə bilmir. Ülvi şəhid olandan sonra ikinci oğlumu ordudan tərxis elədilər. Şəhid olmazdan bir neçə gün əvvəl Ülvi evə gəlmişdi. Çox kədərli idi. Deyirdi bütün yoldaşlarım şəhid olub yaşamağa utanıram. Amma yenə də bizə ürək-dirək verib getdi...”

Döyüş yoldaşları deyirlər ki, Ülvi şəhid olanda üzündə təbəssüm vardı. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər