Qarabağ günü-gündən gözəlləşir, abadlaşır. Bu gözəlliyə töhfə verən qadın əlləri... İgid oğullarımızın gücü ilə qazanılan zəfərdən sonra düşmən minaları ilə mübarizədə zərif toxunuş onların payına düşüb.
Minaaxtaran Aytən İsmayılova:
-Ağdam rayonunun Baş Qərvənd kəndinin ərazisində fəaliyyətə başlamışıq. Geridə qoyduğumuz iki ay müddət ərzində isə 370 kvadratmetr döyüş sahəsini təmizləmişik, 60 kvadratmetr sahəsində isə təmizləmə əməliyyatları aparmışıq.
Minaaxtaran, Şəhla Babayeva:
-Müharibənin qızğın gedən döyüşlərinin canlı şahidi olmuşam. Ona görə də mənim bu işim çox qürurvericidir. Minaaxtaran qadınlar adından qeyd etmək istəyirəm ki, biz çox qürurla işimizi, əməliyyatımızı davam etdiririk. Qorxmaz, hünürələ. Biz qadınlar Qarabağ torpağında minaları təmizləməkdə az da olsa zəhmətimiz olduğuna, dövlətimizə xeyir verdiyimizə görə çox sevinirik.
Qeyd edək ki, Qarabağda mina təmizləmə işlərinə 18 qadın qoşulub. Onların seçimi zamanı fiziki gööstəriciləri və bu işə nə qədər istəkli olmaları nəzərə alınıb. İşə başlamazdan əvvəl təlimə cəlb ediliblər. Bu gün isə minaaxtran qadınları bir araya gətirən səbəb “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda keçirilən beynəlxalq texniki konfransda beynəlxalq sertifikatlara layiq görülmələridir. Hansı ki, aldıqları bu sertifikat hesabına gələcəkdə digər münaqişə ocaqlarında minalarla çirklənən ərzilərdə də yardım əllərini uzada biləcəklər.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov:
Ümumiyyətlə, biz treniqi keçən bütün mina təmizləyənlərin hamısı beynəlxalq səviyyədə işləmək qabiliyyətinə malikdirlər. Çünki bizim treniq mərkəzi beynəlxalq humanitar mina təmizləmələr standartlarına uyğun mina təmizləyənləri hazırlayırlar. Həm kişilər, həm qadınlar dünyanın istənilən yerində akreditasiya keçdikdən sonra sözsüz ki, işləyə bilərlər.
İki gün davam edən konfransın keçirilməsində məqsəd Azərbaycanın mövcud mina probleminin dünyaya çatdırılması, humanitar mina təmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir. Tədbir çərçivəsində əməliyyatçı qrupların və istehlakçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunub.
Hazırladı: Tahirə AĞAMİRZƏ