Bunu Qarabağ Dirçəliş Fondunun (QDF) sədri Rəhman Hacıyev “ASAP Forum 2022” adlı tədbirdə deyib.
O bildirib ki, Qarabağ münaqişəsi artıq bitib və dəymiş ziyan göz önündədir: “Ancaq hələ ki heç bir beynəlxalq institut orada hansısa bərpa işində öz rolunu bəyan etməyib, hansısa dəstəyə nail olunması haqda danışmayıb. Hətta minaların təmizlənməsində belə biz yalnız öz imkanlarımıza və resurslarımıza söykənirik”.
Rəhman Hacıyevin sözlərinə görə, bu, bir o qədər xoş olmayan məqamdır: “Necə ki, Qarabağı özümüz azad etmişiksə, onun bərpası da öz bizim öhdəmizə düşür. Qarabağın bərpası haqda danışanda əlbəttə ki, zərərin həcmini hesablamaq mümkün deyil. Qarabağdakı ziyanın həcmini yalnız dünya müharibəsindən sonra Avropa ölkələrinə dəymiş ziyanla müqayisə etmək olar”.
O qeyd edib ki, müharibənin bitməsindən iki il keçməsinə baxmayaraq, hələ də dəymiş ziyanı hesablayıb bitirə bilmirlər: “Böyük bir rəqəmdən söhbət gedir. Bu həcm ən azı on milyardlarla müqayisə edilə bilər. Bərpa prosesi kifayət qədər uzun bir müddət tələb edir”. (APA)