Taleh Cəbrayıl, Füzuli, Şuşa uğrunda döyüşdü, noyabrın 8-də şəhid oldu. Ancaq biz bunu sonradan öyrəndik. İki ay onu axtardılar, düşünürdük, yəqin elə bir yerdədir ki, telefonla damışmaq olmur. O həmişə nikbin idi, deyirdi bizə elə yaxşı baxırlar ki, Siz özünüzdən muğayat olun. Qələbə günü sevindim, amma ürəyimdə bir narahatlıq var idi. Elə bilirdim, balam qələbəmizi bizə xəbər verəcək... Bütün şəhidlərimiz qəhrəmandı!
Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Taleh Fərhad oğlu Daşdəmirovun doğum günüdür. O, 5 fevral 1998-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 2001-ci ildə onun ailəsi Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçüb. Taleh 2004-2015-ci illərdə Binəqədi rayon Xocəsən qəsəbə 104 saylı tam orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Taleh Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində atıcı olaraq iştirak edib. Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Taleh Daşdəmirov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi düz 2 ay axtarışdan sonra tapılaraq 26 dekabr 2020-ci ildə doğma Şəki rayonunun Qoxmuq kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Taleh Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD