23.12.2024, 20:54
AZ EN
15.11.2023, 16:44 290

Azad olunmuş ərazilərdə mina təhlükəsi: NECƏ QORUNMALI?

XƏBƏRLƏR


İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 il keçsə də, işğalçı ölkə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən yayınır. Hətta 44 günlük Vətən müharibəsindən dərhal sonra Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmada bununla bağlı xüsusi bənd olsa da, qarşı tərəf bu öhdəliyini yerinə yetirməyib. Üstəlik, bu məsələ 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinədək Moskva, Vaşinqton və Brüssel görüşlərində dəfələrlə müzakirə edilib, təcavüzkar ölkə ilə müvafiq razılaşma əldə olunub. Bununla belə, rəsmi İrəvan hər vəchlə razılaşmaları pozaraq istər Birinci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonrakı dövründə minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edib. Belə olan halda işğaldan azad olunmuş ərazilərin mina və PHS-lərdən təmizlənməsi işinin öhdəsindən gəlmək Azərbaycan dövlətinin üzərinə düşür.

"Vətən səsi" xəbər verir ki, hazırda Azərbaycanın 4 dövlət qurumu işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları ilə məşğuldur. Bunlar Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu və Dövlət Sərhəd Xidmətinin mina təmizləyici qrupudur. Eyni zamanda hazırda 4 kommersiya qurumu və 1 qeyri-hökumət təşkilatı da Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə tədbirləri həyata keçirir. Bununla belə, beynəlxaql təcrübə də göstərir ki, uzun müddət mina və PHS-lərlə çirklənməyə məruz qalmış ərazilərin təmizlənərək təhlükəsiz hala gətirilməsi çoxlu vaxt, əmək və maliyyə xərcləri tələb edir. Hətta beynəlxalq humanitar təşkilatların və dost ölkələrin köməyi olmadan itkilərsiz bu işin öhdəsindən gəlmək mümkün deyil.

Bəs, 30 illik həsrətdən sonra doğma yurd-yuvasına qayıdan əhali mina təhlükəsindən necə qorunmalıdır?

Ekspertlərin bildirdiyinə görə, mürəkkəb coğrafi əraziyə,  ucsuz-bucaqsız çöllərə, sərt dağlıq relyefə, geniş və sıx meşə zolağına malik Qarabağ və Şərqi Zəngəzurun isə minalardan təmizlənməsi daha çətindir. Uzun müddət işğal altında qalan bölgənin vaxtilə ölkənin ən sıx məskunlaşma zonası olması, bina və tikililərin tamamilə dağıdılması vəziyyəti bir az da mürəkkəbləşdirir. Bu, o deməkdir ki, hər daşın dibində, hər uçuq divarın yan-yörəsində mina və partlamamış hərbi sursatın olması ehtimalı yüksəkdir. Hərbi əməliyyatlar zamanı işğalçı ordunun Azərbaycan ərazilərinə atdığı mərmilərin bir qisminin köhnə və yararsız olması səbəbindən partlamadığını da buraya daxil etsək, onda işğaldan azad edilmiş zonalarda mina və PHS risklərinin böyük olduğunu təsəvvür etmək çətin deyil.

Bütün bunları nəzərə alsaq, xüsusi icazə əsasında işğaldan azad edilmiş ərazilərə daxil olan, burada işləyən, təsərrüfatla məşğul olan şəxslərin, yaxud da “Böyük qayıdış” proqramına uyğun olaraq, öz ata-baba yurduna köçürülən və daimi məskunlaşan əhalinin mina təhlükəsizliyi qaydalarına əməl etməsi son dərəcə vacibdir. Mütəxəssislərin bildirdiyinə görə, mina təhlükəsindən qorunmaq üçün bəzi mühüm şərtləri bilmək çox əhəmiyyətlidir. Məsələn, mina xəbərdarlığı nişanlarını tanımaq, girişi qadağan edilmiş ərazilərə daxil olmamaq və digər təhlükəsizlik qaydalarına əməl etmək çox vacibdir.

Hər şeydən əvvəl bilməliyik ki, Azərbaycan mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi yüksək olan 10 ölkədən biridir. Xüsusilə 44 günlük müharibədən sonra Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri Azərbaycan ordusunun nəzarətindən kənar ərazilərdə külli miqdarda mina basdırıb, imkanı olan hər yerdə gizli məna tələləri qurub. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. ANAMA-nın apardığı ilkin qiymətləndirmələrə görə, işğaldan azad edilmiş ərazilərimizdə düşmən 1,5 milyona yaxın mina basdırıb.

İşğalçı Ermənistanın uzun illər xalqımıza qarşı törətdiyi müharibə cinayətlərinin tərkib hissəsi olan mina terrorunun daha ağır fəsadlara səbəb ola biləcəyini ən son statistik məlumatlar da təsdiqləyir. Mina partlayışları və zərərçəkənlərlə bağlı üçtərəfli razılaşmadan (10 noyabr 2020-ci ildən) 25 oktyabr 2023-cü il tarixədək olan dövr üçün ANAMA-nın hesabatına baxaq:
-hesabat dövründə mina partlaması nəticəsində zərər çəkənlərin ümumi sayı – 333 nəfər
o cümlədən onlardan;
- həlak olanların sayı – 268 nəfər
- xəsarət alanların sayı – 65 nəfər.
Həlak olan mülki vətəndaşların sayı – 50 nəfər
Xəsarət alan mülki sakinlərin sayı – 104 nəfər
Həlak olan hərbçilərin sayı – 15 nəfər
Xəsarət alan hərbçilərin – 164 nəfər.

Rəsmi statistikaya görə, bütövlükdə isə son 30 il ərzində Azərbaycanda 3350 insan mina qurbanı olub. İndiyə qədər baş verən mina partlayışı hadisələrinə nəzər saldıqda görünür ki, bu cür bədbəxt olayların 70 faizdən çox hissəsi keçmiş təmas xətindən kənarda olan ərazilərdə baş verib. Bu da onu deməyə əsas verir ki, mina və partlamamış hərbi sursatlara nəinki keçmiş təmas xətti boyu olan ərazilərdə, işğaldan azad olunan bütün ərazilərdə rast gəlmə ehtimalı var.

Statistik təhlillər göstərir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə hərbi və mülki şəxslərin minaya düşməsi hadisələrinə görə ilk üç yeri Tərtər, Kəlbəcər və Ağdam rayonları tutur. Fizuli rayonu da Birinci Qarabağ müharibəsi dövründə minalarla ən çox çirkləndirilmiş bölgələr sırasındadır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır. Belə hallara daha çox Ağdam və Tərtərdə rast gəlinir.

Mina qurbanı olan hərbçilər düşmənin qurduğu “gizli tələ”yə əsasən aktiv döyüş əməliyyatlarının aparıldığı sahələrdə və səngərlərin yaxınlığında, mülki vətəndaşlar isə əkin yerləri, otlaq sahələri, meşə və dağ ərazilərində düşüb. Bu faktlar onu deməyə əsas verir ki, minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq, xüsusilə xəbərdarlıq nişanı olan əkin və otlaq sahələrinə daxil olmaq təhlükəlidir. Bu səbəbdən də işğaldan azad edilmiş ərazilərə, doğma yurduna köçürülən əhaliyə döyüşlər getmiş ərazilərdən, kölgəli yerlərdən, çay keçidləri və su mənbələrindən, meşə və bağlardan, tərk edilmiş tikililərdən, hərbi istehkamlardan, səngərlərdən, istifadəsiz və ot basmış yollardan, minalanmış sahə kimi xəbərdarlıq nişanları ilə əhatələnmiş sahələrdən uzaq olmaq tövsiyə edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər