Ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycan və erməni əhalinin birgəyaşayış mövsuzu yenidən aktuallaşır. Uzun illər düşmənçilik edən iki xalqın Qarabağda sülh şəraitində yaşaması, əlbəttə, özü ilə bərabər müəyyən çətinlikləri gətirsə də, tərəflərin mövcud ideologiyadan qurtulması başlıca hədəflərdəndir. Özəliklə qeyd etmək lazımdır ki, Azərbaycan birgəyaşayış üçün mümkün vasitələri işə salıb. Prezident İlham Əliyevin göstərişi ilə Qarabağın bərpası həmin ərazilərdə xüsusi işlərin görülməsi ilə bağlı komissiya formalaşdırılıb. Əgər belə demək mümkündürsə, münasibətlərin inkişafı üçün əsaslı təməl qoyulub. Qarabağ ermənilərinin reinteqrasiyası onların ağır sosial problemlərdən, eləcə də separatçıların təsir və təzyiqlərindən qurtulmalarına imkan verəcək. Sözsüz ki, bu yolda erməni əhalinin üzərinə də böyük məsuliyyət düşür.
Millət vəkili Naqif Həmzəyev məsələyə münasibət bildirərkən “Real”TV-yə açıqlamasında qeyd edib ki, kimlər ki, səmimidirlər, kimlər ki, həqiqətən azərbaycanlılarla birgə yaşamaq istəyirsə, onların birgəyaşayışı üçün hər cür şərait yaradılıb: “Burda yalnız və yalnız erməniəsilli sakinlərdən tələb olunan odur ki, onlar səmimi olsunlar. Onlar bu proseslərə öz töhfələrini versinlər. Necə ki, xatırlayırsınız, Xankəndini tərk edən ermənilər vardı müsahibə verirdilər, danışırdılar, hətta ermənilərin özlərini pisləyirdilər, sərhədi o tərəfə keçən kimi isə verdikləri müsahibə tamamilə bunun əksi olurdu. Təəssüflər olsun ki, biz səmimiyyət görə bilmirik. Hətta azərbaycanlılara qarşı döyüşmüş bəziləri var idi ki, onlar belə müsahibələrində tamam fərqli fikirlər söyləyirdilər, azərbaycanlıları tərifləyirdilər, azərbaycanlılarla birgəyaşayışı istəyirdilər. Amma sonradan onların başqa müsahibələri əvvəlki müsahibələrini təkzib edirdi. Ermənilər anlamalıdırlar ki, 20 il, 30 il, lap 40 ildən sonra belə onlar yenidən bir münaqişə yaratmaqla heç nə əldə edə bilməyəcəklər. Artıq Azərbaycan əvvəlki deyil. Azərbaycanla güc yolu ilə, təhdid yolu ilə danışmağa ehtiyac yoxdur. Ümumiyyətlə, bunun Ermənistana heç bir faydası yoxdur. Bu baxımdan da Ermənistan çalışmalıdır ki, Qarabağda yaşamaq istəyən ermənilərin qayıdıb Azərbaycan ərazisində yaşamasına maneçilik törətməsinlər”.
Azərbaycan tarixən çox millətli, çox konvensiyalı ölkə olub. Yerləşdiyi coğrafi ərazi tarixi proseslər etnik-milli tərkibimizin formalaşmasına təsirsiz ötüşməyib. Azərbaycan ədəbiyyatında ilk roman olan “Bahadır və Sona” romanında yazıçı Nəriman Nərimanov millətlər arasında dostluq və həmrəyliyin əhəmiyyətinə diqqət çəkib. Burda öz millətini sevən müsəlman tərəbə Bahadırla, təhsilli və öz xalqına bağlı erməni Sonanın sevgisindən bəhs olunur. Sevgi faciədə ədəbi vasitə olsa da yazıçının əsas ideyası millət, Vətən qayğısı ictimai tələblər kimi məsələlərdir. Qurban Səidin “Əli və Nino” əsəri də Qafqazda xalqlar arasında sevgi və qarşılıqlı hörməti tərənnüm edir. Adıçəkilən əsərlərin timsalında deyə bilərik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizlik üçün reinteqarasiya yeganə nicat yoludur.
Yazıçı Elçin Hüseynbəyli isə açıqlamasında bildirib ki, Azərbaycanda çoxsaylı millətlər yaşayır. Və onlar azərbaycanlılarla dinc yanaşı şəraitdə yaşayırlar. Ermənilər onlardan nümunə götürməlidirlər: “Elə hesab edirəm ki, Azərbaycanla ermənilər dinc yanaşı yaşamaq istəyirlərsə, ermənilər məkrlərindən, hiylələrindən əl çəkməlidirlər. Bütün sadaladığım məsələlər Azərbaycan ədəbiyyatında öz əksini müəyyən mənada tapıb. Bundan sonra da düşünürəm ki, konseptual şəkildə öz əksini tapmalıdır və yazçılarımızın, şairlərimizin, dramaturqlarımızın ssenaristlərimizin boynuna bu vəzifələr düşür. Əsərlər elə yazılmalıdır ki, onu dünya qəbul edə bilsin. Ədalətin kim tərəfində olduğunu açıq-aşkar görsünlər”.
Qeyd etmək yerinə düşər ki, Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün portal yaradılıb. Erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə portala müraciət edə bilərlər.
Hazırladı: Tahirə AĞAMİRZƏ