İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı rast gəlmək olur. Tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid olan körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə,, Elxanilər (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç tağı salamat qalıb, sahil tağı isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.
Bu gün Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından azad olunmasından üç il ötür. 2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi – Hacılı və Hacı İsaqlı kəndləri də işğaldan azad edilib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli bayrağı sancılıb.
Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri eyni zamanda simvolik abidə hesab olunur. Azərbaycanın memarlıq məktəbinin bu əzəmətli abidəsi dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.
Ermənistan silahlı qüvvələrini 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan Şanlı Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Hal-hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam edir.
44 günlük Vətən müharibəsində Azərbaycanın düşmən üzərində qalib gəlməsindən sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olmuşlar. Prezidentimiz Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbayacnın üçrəngli bayrağını ucaldıb. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması xalqımız üçün böyük qürur və fəxarətdir.
Tahirə AĞAMİRZƏ