08.09.2024, 07:58
AZ EN
03.10.2023, 12:18 229

Xankəndi şəhəri necə qurulub?

XƏBƏRLƏR

Azərbaycan ordusunun sentyabrın 19-da başladığı və bir sutkadan da az davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra bütün diqqət Qarabağa və bu bölgənin mərkəzi hesab olunan Xankəndi şəhərinə yönəlib. Separatçıların ağ bayraq qaldıraraq təslim olmasının ardınca Azərbaycan dövləti 35 illik fasilədən sonra bölgədə öz suverenliyini tədricən bərpa etməyə başlayıb. Separatçı dəstənin üvzləri və qanunsuz hərbi birləşmələr silahı yerə qoyub ərazilərimizi tərk etdikcə Qarabağda dinc həyat quruculuğu, nizam-intizam qaydaları daha çox müşahidə edilir. Xüsusilə Xankəndidə baş verənlər qiqqətlə izlənilir, hər kəs buradakı vəziyyəti ən xırda məqamlara qədər öyrənməyə, yeniliklərdən xəbərdar olmağa çalışır.

İctimai marağın mərkəzi olan Xankəndi şəhərinin keçmişi ilə bağlı müzakirələr, gələcəyə yönəlik mülahizələr də son günlərin ən çox dartışılan mövzularındandır.
Tezliklə sülh və təhlükəsizliyin tam şəkildə bərqərar olacağı, hər kəsin xoşbəxt və firəvan yaşayış ünvanı kimi görmək istədiyi bu şəhərin tarixi keçmişini bilmək indi hər kəsə maraqlıdır.

Bəs, 35 ildir azərbaycanlıların həsrət qaldığı Xankəndi şəhəri necə qurulub?

Mərhum xalq artisti Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva “Moderator.az”a açıqlamasında ulu babasının bünövrəsini qoyduğu Xankəndi şəhərinin tarixi keçmişi haqqında bir sıra maraqlı məqamlara aydınlıq gətirib. O, Xankəndi şəhərinin yaranışı barədə ulu babalarından eşitdiyi xatirələri bölüşərkən bunları deyib: “Pənahəli xan Cavanşir mənim ulu babamdır, yəni babam Aslan ağa Cavanşir onun kötücəsidir, biz həmin soyadın daşıyıcısı, o  nəslin nümayəndəsiyik. 1747-ci ildə Pənahəli xan Cavanşir Qarabağ xanlığını yaradıb. İndiki Xankəndi isə özünün şəninə saldığı şəhər olub. Adından da məlum olduğu kimi, Xankəndi “Xanın şəhəri”, yəni onun fəaliyyət göstərdiyi yer deməkdir. Pənahəli xan 1752-ci ildə Şuşa qalasını inşa etdirib. Biz hər yay istirahətə gedəndə Əsgəran qalasından, Xankəndi şəhərindən keçib Şuşaya qalxardıq. Şuşadakı “Cıdır düzü”ndən Xankəndi açıq görünür. Sanki Şuşanın ətəyində bir mərkəzi, çox inkişaf etmiş gözəl şəhərdir. Xankəndi həm təbiəti, həm də infrastruktur cəhətdən keçmiş SSRİ-nin böyük şəhərləri kimi beynəlmiləl şəhər idi. Atam 1928-ci ildə Xankəndidə “Qarabağ” adlı milli musiqi alətlərindən ibarət ansambl da yaratmışdı. Onlar tək Qarabağda deyil, Azərbaycanın müxtəlif şəhər və kəndlərində tamaşalar göstərir, Qırmızı Ordu əsgərləri qarşısında konsertlər verirdilər. O dövrdə Azərbaycan SSR-in vətəndaşları olan milli azlıqlar - gürcülər, ləzgilər, tatarlar və ermənilər də bəzi musiqi alətlərində çalırdılar. Vətənimiz  hər zaman beynəlmiləl bir ölkə olub və xalqımız tolerant xalq olaraq hər bir millətə bir Azərbaycan SSR-nin vətəndaşı kimi dilindən, dinindən asılı olmayaraq hörmətlə yanaşırdı. Yadımdadır, 1960-cı illərdə biz Xankəndidən keçib Şuşaya gedəndə şəhərin necə inkişaf etdiyini, teatr və konsert zallarının, təhsil ocaqlarının, səhiyyənin yüksək səviyyədə təşkilini görürdük. Orada məskunlaşmış digər millətlər, eyni zamanda ermənilər üçün bütün şərait yaradılmışdı”.

Bəyimxanım Cavanşirova-Verdiyeva hələ o dövrdə ermənilərin Xankəndidə məqsədli şəkildə məskunlaşdıqlarını söyləyir: “Əvvəldən Xankəndidə azərbaycanlılar yaşayıb. Sonradan az sayda erməni ailələri məqsədli surətdə o şəhərdə məskunlaşdırılıb. 1930-cu illərdə Xankəndidə erməni əhalinin sayı surətlə artmağa başlayıb. Amma bu, o demək deyil ki, Xankəndidə yaşayan əhalinin əksəriyyəti ermənilər olub. Sadəcə, sovetlər dönəmində sonradan gələn erməni əhaliyə elə bir şərait yaradılıb ki, onlar bu torpaqlarda köklü surətdə məskunlaşmağa başladılar. Yəni, erməni dilində məktəb, universitet, teatr, konsert kollektivləri, ermənilərin özlərinin tarixi şəxs hesab etdikləri adamların adına küçələr, büstlər və s. Hətta müqayisə etsək, Ermənistan SSR-də yaşayan ermənilərin bəlkə də belə şəraitləri yox idi. Ancaq nə qədər olmasa da, tədricən bu şəhərdə kök salmağa başladılar. 1970-ci illərin sonu- 1980-ci illərin əvvəlində əhalinin 55 faizə qədəri erməni sakinlər idi. Həm də təkcə orada yaşayanlar yox, Ermənistandakı doğmaları gəlib gəlib Xankəndidə təhsil alır, işləyirdilər. Xarakter etibarilə Xankəndidə yaşayan ermənilərlə Ermənistan gələn erməniləri fərqli idilər, onlar bir-birlərinə uyğun gəlmirdilər. Babam Aslan ağanın Şuşanın mərkəzində - Gövhər Ağa məscidinin yanında 2 mülkü və Şuşa ilə Xankəndi ətrafında 3 kəndi olub. Xoca, Ballıca, Kor ocaq kəndləri”.

Xatırladaq ki, Qarabağ silsiləsinin şərq ətəyində, Qarqar çayının sahilində, Bakıdan 385 km aralıda yerləşən Xankəndi inzibati dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07. 07. 1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən vilayətin mərkəzi Xankəndi şəhəri olub. 1923-cü il sentyabrın 18-də isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert adlandırılıb. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, şəhərin tarixi Xankəndi adı özünə qaytarılıb.

Sahəsi 8,8 km², əhalisinin sayı 55,9 min nəfərdir (01.01.2020) Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal olunub. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən dərhal sonra Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altındakı torpaqlarımız azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Azərbaycan ordusunun bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Xankəndi şəhərində Azərbaycanın suverenliyi təmin edilib.

Elxan SALAHOV

 

Oxşar xəbərlər