O, 1994-cü il avqustun 16-da Salyan rayonunun Dayıkənd kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib. 2000-ci ildə şəhid Arif Nağıyev adına tam orta məktəbin birinci sinifinə qəbul olub. İdmana marağı olan Raqil bir neçə il karate idman növü ilə məşğul olub. Raqil məktəbdə əla oxumasa da davranışı ilə müəllimlərinin hörmət etdiyi şagirdlərdən idi.
2011-ci ildə orta təhsilini başa vurub. Uşaqlıq illərindən bərbər sənətinə marağı olduğundan özünə bu peşəni seçib və salon açaraq əmək fəaliyyətinə başlayıb. 2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşüb. Ağdamda N saylı hərbi hissədə xidmətə başlayıb və manqa komandiri vəzifəsinə kimi yüksəlib. 2014-ci ilin aprel ayında xidmətini başa vuraraq doğma kəndlərinə qayıdıb və yenidən öz sevimli peşəsi ilə məşğul olmağa başlayıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Raqil könüllü olaraq yazılıb və təlimlər keçərək düşmənə qarşı mərdliklə döyüşüb. O, Cəbrayıl, Qubadlı, Hadrut, Şuşa istiqamətlərində gedən döyüşlərdə vuruşub, manqa komandiri vəzifəsini icra edib.
Raqil müharibənin son günlərinə qədər vuruşub. Noyabrın 6-da Şuşa uğrunda gedən çətin döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Belə ki, içində 30 nəfər hərbçimizin olduğu maşın Şuşaya qalxarkən mənfur düşmənlərimiz tərəfindən vurulur, maşında olan 30 nəfərdən xeyli əsgər yaralanır, 5 nəfər şəhidlik zirvəsinə ucalır. Şəhid olanlardan biri də Raqil İsmaılov olur. Xatırladaq ki, o həmkəndlisi Sübhan Əzizovla birlikdə eyni gündə cəbhəyə yola düşüb və eyni anda da şəhadətə qovuşub.
Şəhidimiz böyük izdiham və el məhəbbəti ilə böyüyüb boya-başa çatdığı doğma kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarıma əsasən kiçik çavuş İsmayılov Raqil ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif edilib.
Onu da qeyd edək ki, şəhidimizin atası Rafiq İsmayılov da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Anası deyir ki, 3 övladım var, Raqil evin son beşiyidir. Yəqin ona görə bir az ərköyün idi. Amma yaşına görə bir dünya hörmət qazanmışdı. Bunu onun şəhadətindən sonra daha çox hiss elədim. Astaradan, Lənkarandan, Qusardan, Zərdabdan, Yevlaxdan, hər yerdən çoxlu dostları gəldi və onunla bağlı xoş xatirələr danışdılar. Oğlum çox zəhmətkeş uşaq idi. İnsanlara gücü çatan yaxşılığı edirdi, heç kim ondan incimədi. Ən sevimli müəllimlərindən biri, Nuridə müəllimə deyirdi ki, Raqilin toyunda, xalası, bibisi kimi başda iştirak edəcəm, çünki o mənim sevimli şagirdimdir. Bir valideyn kimi arzumuz onun toyunu görmək idi. Hər bir hazırlığımızı etmişdik, amma toy çadırı qurulu qaldı oğlumun...
Raqil həmişə deyirmiş ki, kaş müharibə başlayaydı, onda mən mütləq döyüşə gedəcəm və qəhrəman olacam.
Raqil həqiqətən də qəhrəman oldu, adını Şanlı Zəfər tariximizə öz qanıyla yazdı. Onun adı əbədi olaraq xalqın qan yaddaşına yazıldı.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD