24.04.2025, 09:18
AZ EN
05.08.2022, 13:50 471

Bu köçün ayağı sayalı olacaq...

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə ilk yeni yaşayış məskəni kimi salınan Ağalı kəndinə qayıdışın başlanması cəmiyyətimizdə sevinc və məmnunluq hissi doğurub. Bu FACEBOOK sosial şəbəkəsi istifadəçilərinin Böyük Qayıdışla bağlı rəylərindən aydın görünür. Bu rəylər məzmunca müxtəlif olsa da, mahiyyətcə, mənaca eyni ruhdadır: “Zəfərimiz, qayıdışımız mübarək olsun, xeyirli-uğurlu olsun!”

Əsəd Cahangir, tənqidçi, yazıçı: “İkili hisslər yaşayıram. Sevincimin, qürurumun həddi-hüdudu yoxdur. Otuz illik həsrətimizə son qoyulub, məğlub xalq kompleksindən azad olmuşuq. Eyni zamanda, kədərlənirəm ki, bu qələbə bizə minlərlə şəhidimizin qanı bahasına nəsib olub. Və nəhayət, təsəlli tapıram – şəhidlərimizin ruhu əbədi cənnətdə qərar tutub. Anlayıram ki, qansız qələbə olmur! Doğma yerlərə qayıdışımıza görə yaşamaq hüququndan keçən şəhidlərimizə, uzaqgörən strateq və məharətli taktik, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, sağlamlığını bizlərə qurban verən qazilərimizə, bütün əsgər və zabitlərimizə, bizə dəstək duran dost və qardaş ölkələrə, özəlliklə də Türkiyə cumhurbaşqanı, Azərbaycanın qardaşı, dostu, türk və İslam dünyasının lideri Rəcəb Tayyib Ərdoğana bütün xalqımız adından sağ olun demək istəyirəm. İnanıram ki, bər­pa olunmuş, dağıntılardan təmizlənmiş yerlərdə yeni həyat əvvəlkindən daha gözəl, insanlar daha məsud olacaq. Bütün xalqımızı və Zəngilanın Ağalı kəndinə ilk qayıdan soydaşlarımızı bu Böyük Qayıdış müna­sibəti ilə ürəkdən təbrik edir, yazıçı və şairlərimizi bu umummilli taleyüklü olayı bədii sözün gücü ilə əbədiləşdirməyə çağırıram”.

***

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru, şair-yazıçı: “Torpaq, insan nəfəsi dəydikcə canlanır. Zəngilana ilk qayıdış, ilk köç olarkən   fikrimi belə bildirmişdim ki, bu çox tarixi bir hadisədir, 30 ildən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması bizim işğaldan azad olunan torpaqlarımızın, kəndlərimizin yenidən dirçəldilməsi deməkdir.

Mən bir müddət öncə həmin yoldan keçib Laçına getmişdim. O ərazilərdə olan geniş quruculuq işlərinin şahidi olmuşdum, Ağalı kəndini də görmüşdüm. Bu mənada hesab edirəm ki, getdikcə insanlar daha çox can atacaqlar, kimi ilk dəfə birinci getmək istəyəcək, orda yaradılan şəraitdən bəhrələnəcəklər. Elə bilirəm ki, bu prosesin, bu qayıdışın, bu köçün ayağı sayalı olacaq və qısa bir müddətdən sonra biz mədəniyyət paytaxtımız Şuşaya da, Ağdama da, Laçına da və digər bizim işğaldan azad olunmuş ərazilərimizdəki torpaqlarımıza da qayıdışın, böyük köçün şahidi olacayıq, inşallah”.

***

Leyla Turan, jurnalist: “Bütün zəngilanlılar kimi, mən də çox sevinirəm. Onlarla birgə mən də kövrəldim, o hissləri sözlə ifadə edə bilmirəm. 30 il əvvəl zəngilanlılar öz torpaqlarından didərgin düşmüşdülər. 30 il sonra onlar qayıtdılar. Onlar buna inanırdı və nəhayət, Qayıtmaq zamanı gəldi. Böyük Qayıdış məhz 19 iyul gününə təsadüf etdi. Elə biz də bunu gözləyirdik və hər zaman inanırdıq. Gözünüz aydın olsun, zəngilanlılar. Qarabağa, Şərqi Zəngəzura ilk qayıdan zəngilanlılar oldu. Videoya baxarkən bir zəngilanlı qadının sözləri məni kövrəltdi. O dedi ki, “Zəngilandan çıxanda körpə balalar aparmışdım, indi körpə nəvələr gətirmişəm...”

Bu gün Zəngilanın Ağalı kəndində həyat qaynayır, sakinlər qayıdır, onlar əbədi olaraq orada yaşayacaqlar. Zəngilan dirçəlir və bundan sonra da dirçələcək. Çünki ora əzəli Azərbaycan torpağıdır. Və o torpaqlara onun əsl sahibləri qayıtdı. Xeyirli olsun. Həmişə evinizdə, eşiyinizdə. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi sonsuz sayğı və rəhmətlə anırıq. Qazilərimizin ömrü uzun və bərəkətli olsun. Bir ömür boyu onlara borcluyuq. Şəhidlərimizi unutmuruq, unutmayacağıq. Onların ruhları qarşısında baş əyirik!

Allah cənab Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı qorusun! Allah Vətənimizi, millətimizi qorusun. Biz qayıtdıq ki, Qarabağı gülüstana çevirək və buna nail olacağıq”.

Hazırladı: Tahirə Ağamirzə

Oxşar xəbərlər