12.10.2024, 12:39
AZ EN
12.02.2024, 15:06 438

Xankəndi, sənə qurban olum...

XƏBƏRLƏR
  • Xankəndidə doğulan, burada Qarabağ Universitetini bitirən və   təhsil aldığı orta məktəbdə bir vaxt müəllim kimi çalışan Telli Həşimova ötən həftə İctimai Televiziyanın Yekun proqramının əməkdaşları ilə doğma torpağını ziyarət edib. Xankəndidən ayrılandan düz 35 il sonra yenidən doğma evinə, ocağına qayıdan Telli xanımın həyat hekayəti də bir başqadı.

Telli xanım illərin həsrətindən sonra – “Sənə qurban olum, ay şəhər, Xankəndim”, deyə maşından düşüb torpağı qucaqladı. Onun hönkürtüsü şəhəri başına götürdü, göz yaşlarıyla salamladı doğma Xankəndini...

“Qarabağ universiteti buradı”, deyə, bildirdi ki, mən burada oxumuşam. Bax bu şəkli də 2-cu kursda oxuyanda çəkdirmişdim. Nə gözəl günlər idi, nə xoş günlər idi. Amma bu günkü günümüz ondan da gözəldi...”

Xankəndi işğal ediləndə Telli xanım da doğma şəhərindən uzaqda   çox şey itirib. Gəncliyini, arzularını, sonra övladı və həyat yoldaşını. Onun hekayəsi çox ağrılıdı...

Telli xanım gəlib evlərinə çatanda birinci ağacları qucaqladı, onların qurumuş çiçəklərini bağrına basdı: “Bizim bu bağımız o qədər gözəl idi ki, 30 dənə armud ağacımız vardı. İndi biri də yoxdu, mən razı olardım,  ki, bu ev dağılaydı, amma o ağaclar qalaydı. Qaynatam ağacları əziyyətlə əkmişdi. İyun ayından dekabra qədər bağımızda armud olurdu. İndi onların yerində bir kötük qalıb. Qalan hər yeri bostan eləyiblər. Bu evi qaynatam iki oğlu üçün tikmişdi. Böyük oğlu Ziyad indi Gəncədə yaşayır. 1983-cü ilin noyabr ayından 1989-cu ilə qədər biz bu evdə yaşamışıq. 1988-ci ildə azərbaycanlıların olduğu küçələrdə evləri yandırdılar. Amma bizim evimiz qalmışdı, sonra o hadisənin bir ilinin tamamında tək bizim evi yandırdılar. Evin arxa tərəfindən yandırıcı maddə atmışdılar, onu atan adam da evin arxasında ölmüşdü”. 

Telli xanım növbəti günü də Xankəndidə keçirdi. O şəhərin bir  küçəsində o vaxt azərbaycanlıların başına gətirilən müsibətdən danışdı. Dedi ki, üç azərbaycanlını həbsxana maşınında bura gətirdilər, güya məhkəmə eləyirlər, deyə. Maşından düşmək istəyəndə onları maşınla bərabər benzin töküb yandırdılar. Onlardan biri riyaziyat müəllimi  və məktəb direktoru Ərşad Məmmədov idi. Güya onlar sovxoz direktorunun oğlunu öldürmüşdülər.

Sonra Telli xanım dedi ki, bura Nizamı Gəncəvi adına 4 saylı orta məktəbdir. O, burada həm təhsil alıb, həm də müəəllim kimi çalışmışdı. Telli xanım ilk təhsil aldığı bağçanı da axtardı. Onun ata evi və gəlin köçdüyü evlər isə bir-birinə qonşu idi.  

Telli xanım Xankəndidən ayrılanda həyat yoldaşı və övladları vardı. Ancaq indi onlar yoxdu. Deyir ki, nəvələrim var, onlar heyvanları çox sevirlər. Onlara demişəm ki, Xankəndidə it də, at da, qoyun da, qaz- ördək də saxlayacam. Arzu edirəm ki, nəvələrim gəlsin o itkinlərimin yerini artıqlaması ilə doldursunlar. Burada xoşbəxt olsunlar. Bütün didərginlərə  bunu arzulayıram.

İndi Xankəndi Telli xanım üçün təkcə şəhər deyil, atadı, anadı, övladdı, Xankəndidən çıxması ilə onun arzuları qırılmışdı. İndi ona ən böyük mükafat doğma Xankəndinin azadlığıdır.

Mina RƏŞİD   

Oxşar xəbərlər