O, 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə DİN Daxili Qoşunların müddətdən artıq haqiqi hərbi xidmət qulluqçusu olub. 2011- ci ildə N saylı hərbi hissənin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi (XVT) sahəsində Müddətdən artıq hərbi xidmətə başlayıb. 2015-ci ildən Gizir rütbəsi alıb.
27 sentyabr 2020-ci il tarixdə Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində iştirak edən şəhid gizir Emil İsgəndərov Cəbrayıl rayonu ərazisində nəzarətə, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərə qatılaraq qəhrəmancasına döyüşüb.
Emil İsgəndərov tapşırığa əsasən Şuşa istiqamətində döyüşlərə başlayıb. Emil də daxil olmaqla, igidlərdən ibarət qrup meşəlik ərazidən düşmən tərəfə keçərək onlara gələn köməyin qarşısını alıblar. Xüsusi tapşırığa əsasən Şuşa istiqamətində günlərlə meşəlik ərazidə yol gediblər. Plan ermənilərə gələn dəstəyin qarşısını almaq olub. Gizli ərazilərdə ac-susuz qalsalar da, tapşırığı məharətlə yerinə yetiriblər. Ermənilərin maşın karvanlarını məhv ediblər. Yerləri bilinəndən sonra düşmən tərəfindən onlara minamyot mərmiləri yağdırılıb.
Gizli yollarla ermənilərin mövqelərinin də arxasına keçərək onlara əsas yoldan gələn dəstək kalonlarının qabağını kəsiblər. Silah və ərzaq gətirən avtomobilləri məhv ediblər.
Emil Şuşa əməliyyatında iştirak edən döyüş zamanı qolundan snayper gülləsi ilə yaralanıb. O, yaralanmasına baxmayaraq, özü öz qolunu sarıyıb və yoldaşları ilə döyüşü davam etdirib. Lakin bu dəfə gizir Emil İsgəndərovun yanında minamyot mərmisi partlayıb və yarası daha ağır olub. Bütün cəhdlərə rəğmən gizir Emil İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb. O, noyabırın 5-də Şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Emil İsgəndərov ölümündən sonra “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. 2 oğlu Vətənə yadigar qalıb.
Tahirə AĞAMİRZƏ