Tədbir Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəis müavini Eldəniz Bayramov bildirib ki, yarışda mərkəzin əhatə etdiyi rayonlar, Ağdam, Bərdə, Ağcabədi, Laçın, Şuşa, Beyləqan və Füzuli rayonundan olan məktəblilər iştirak edib. Təşkil olunan yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasıdır.
Tədbir Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub. Yarış Şuşa məktəblilərinin birinci, Ağdam məktəblilərinin ikinci, Ağcabədi məktəblilərinin isə üçüncülüyü ilə başa çatıb.
Birinci yeri tutan Şuşa komandası “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb. (APA)