20.10.2024, 05:21
AZ EN
11.10.2024, 10:06 241

Ağlama, biz də atamızın yanına - cənnətə gedəcəyik…

XƏBƏRLƏR
  • İsmayılın anası deyir ki, o uşaqlıqdan həssas idi, ailəcanlıydı, istəyirdi ki, bizim güzəranımız yaxşı olsun.  Bacısı İsmayılın güclü insan olduğunu söyləyir. Deyir ki, qardaşım güclü olmaqla yanaşı ailədə hr kəsin yerini bilən, sevgisini qazanan bir insan idi. Biz ona arxa-dayağımız kimi baxırdıq. “Mən həmişə ona oxşamağa çalışmışam. Ondan öyrənməli o qədər çox şey var idi ki…” Bunu da İsmayılın qardaşı söyləyir…

Bu gün qəhrəman şəhidimiz, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Məhəmməd oğlu Səmədovun anım günüdür. O, 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 1996-2005-ci illərdə Q. Qocayev adına Lahıc kənd tam orta məкtəbində, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində xidmət edirdi. İsmayıl Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin alınmasında göstərdiyi şücaətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev onu cəbhə xəttində şəxsən mükafatlandırmışdı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı kapitan İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, torpaqlarımızın  azad olunmasında fəal iştirak edib. İsmayıl təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbiçiləri irəliyə aparıb. “Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!”, - deyən kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşılayırdı.
İsmayılın sağ əli olan gizir, əslən Quba rayonunun Alpan kəndindən  Cavad Nasir oğlu Babayev mətbuata verdiyi açıqlamada deyir ki, İsmayıl ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan istifadə etdi və uğurlu əməliyyatlar qurdu... Oktyabr ayının 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik.
Oktyabr ayının 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz-Füzuli-Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı böyük qüvvə ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, xeyli itki verdik. Həmin döyüşdə təəssüflər olsun ki, fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına şəhadətə ucaldı.
İsmayılın döyüş dostları deyirlər ki, o hazırlıqlı hərbçi idi. Onun çantasında həmişə yeyiləcək bir şey, su və corab olardı.

Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov

ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Şəhidimizin həyat yoldaşı Bəsti İsmayılova deyir ki, qızları Nurgil hər gün atasını soruşurdu: "Ona İsmayılın işdə olduğunu deyirdim və qəbul edirdi. Bir dəfə yoldaşımın hərbi formasını çöldə ipdən asmışdım. Onu görüb, soruşdu ki, “ana, atam qolsuz kofta ilə işə gedib?” Artıq ona yalan danışmaq istəmədim və dedim, ata cənnətdədir. Qəbul etmədi, xeyli ağladı. Ancaq sonradan uşaq vəziyyətlə barışdı və dedi ki, ata cənnətdədir. Harasa gedəndə soruşurdu ki, atanın yanına - Cənnətə gedirik? Mən qızıma bildirdim ki, atanın yanına getmək üçün böyüməyimiz, yaxşı oxumağımız, yaşamağımız və qocalmağımız lazımdır. Bir müddət Nurgili İsmayılın yoxluğuna alışdırmaq üçün psixoloqa da apardım. Ondan sonra sakitləşdi.
Atası rəhmətə gedəndə şəhidimizin yadigarı Mehdi 9 aylıq olub. Bəsti xanım ona İsmayılı sevməyi şəkillərdən öyrədib. Hər dəfə atasının papağını görəndə onu soruşur.
- Nurgil qardaşına deyir, "Mehdi, ağlama,biz də atamızın yanına, cənnətə gedəcəyik”. Çox çətindir. Amma uşaqlarım və İsmayılın yuxularıma gəlməsi mənə təsəllidir. Onu yuxuda çox az, görürəm. Yuxularıma uşaqlarla birgə oynadığı səhnələr gəlir. Deyir, "Bir ildir ki, sənin yanındayam. Özünü toparla. Arada yenə gələcəyəm”. Hərdən onun doğurdan da gəldiyinə çox inanıram. Qoxusu burnuma gəlir. Məzarını ziyarət edəndə hiss edirəm ki, əli çiynimdədir və ya əlimdən tutub. Hərdən belə hisslər olur. Gerçək olan isə budur ki, o cismən bizimlə deyil.
İsmayılın övladları ilə bağlı arzuları olub. Qızı Nurgilin gimnastika ilə məşğul olmasını, ingilis dilini öyrənməsini istəyirdi. Deyirdi, oğlumuz çox güclü uşaq olacaq. Mən onları Vətənə layiq yetişdirəcəyəm. Qoy atalarının adını uca tutsunlar. Məni İsmayılın elə adı ayaqda saxlayır. Uşaqlarım ata çörəyi yeyirlər. Kiməsə möhtac deyiləm. Bizi ələbaxan etmədi. Uşaqlarımın yanında ağlamıram. Bacardığım qədər göz yaşımı görmürlər. Qaynanam Həlmət xanım da nəvələri ilə nəfəs alır. Oğlunun qoxusunu uşaqlarından almağa çalışır...

Ruhun şad olsun, məzarın nurla dolsun, nurüzlü, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər